Press "Enter" to skip to content

Avropa Keramika Marşrutunun yeni üzvü – Şəkinin təqdimatı keçirilib

Son yeniləmə: 17 İyun 2021 17:47

Bayraqdar.info – Avropa Şurası Keramika Assosiasiyası Baş Assembleyasının onlayn formatda iclası keçirilib. İclasda Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü – Şəki şəhərinin təqdimatı olub.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən bildirilib. Qeyd edilib ki, Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova təqdim edib. O, iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.

Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi – “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması haqda məlumat verilib. İlk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirildiyi bildirilib. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb: “Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır”.

Hazırda Avropa Şurası Keramika Assosiasiyasının mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.

Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta qoşulub.

Mission News Theme by Compete Themes.