Press "Enter" to skip to content

Yenə də İrandan Azərbaycana zəhər daşıyan aşkarlanıb

Bayraqdar.info – Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətlərini davam etdirir.

DSX-nın Mətbuat Mərkəzindən bildirilib ki, əməliyyatlar nəticəsində iyunun 14-də 154 kq 500 q çəkisində narkotik və psixotrop maddələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

İyunun 14-də saat 03:00 radələrində Cəbrayıl rayonunun Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobil əraziyə yaxınlaşıb. Avtomobildə 1 nəfər olub və o, avtomobildən düşərək özünü şübhəli aparıb. Bu, sərhəd naryadının diqqətini cəlb edib. Həmin şəxs sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən uzaqlaşmağa cəhd göstərib. Onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb.

Saxlanılan şəxsin Ağstafa rayon sakini, 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşib. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən beş ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kq 900 q olan narkotik və psixotrop maddələr aşkar edilib. S.Musayevdən 70 kq 120 q heroin, 12 kq 100 q marixuana, 12 kq 30 q metamfetamin, 300 q tiryək, 17 kq 350 q – 4 min 60 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye götürülüb.

Bildirilir ki, narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə sifarişçi – Göygöl rayonu ərazisində həmin rayonun sakini – 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilib.

İyunun 14-də saat 05:55 radələrində “Göytəpə” sərhəd zastavasının naryadı Cəlilabad rayonu, Məlikqasımlı kəndi yaxınlığında 1 nəfər İrandan gələn naməlum şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozmasını müşahidə edib.

DSX-nın xəbərində deyilir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərib. Sərhəd naryadı “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edib və şəxs zərərsizləşdirilib.

Baxış zamanı iki çantanın içərisində təxmini çəkisi 42 kq 600 q olan narkotik və psixotrop vasitəyə bənzər maddələr və xarici valyuta – 11 min 500 ABŞ dolları aşkarlanıb. Çantalarda 24 kq 848 q heroin, 9 kq 250 q metamfetamin, 2 kq 70 q marixuana, 3 kq 310 q həşiş qətranı, 3 kq 122 q – 5 min 20 ədəd Metodon-40 həblərinin olduğu məlum olub.

DSX-dan bildirilir ki, faktla bağlı İran tərəfi dərhal məlumatlandırılıb. Qarşı tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Həmin şəxsin İran vətəndaşı Behnam İlhami olması müəyyən edilib. Sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi “PM” markalı tapança götürülüb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Mission News Theme by Compete Themes.