Press "Enter" to skip to content

Ucqar kənd məktəbindən örnək təşəbbüs

Bayraqdar.info – Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbində məktəbin adını daşıyan I Qarabağ savaşının şəhidi Rauf Hədisov adına təqaüd müsabiqəsi keçirilib.

Məktəbdən bayraqdar.info-ya verilən məlumata görə, müsabiqə kənd bələdiyyəsinin təşəbbüsü və Ədliyyə Nazirliyinin icazəsi ilə təşkil edilib.

Müsabiqənin təşkilatçısı Yeni Şərif kənd tam orta məktəbinin rəhbərliyi və kollektividir.

Təqaüd müsabiqəsi qaliblərinə mükafatla yanaşı, üzərində şəhid R.Hədisovun adı olan xatirə döş nişanları da təqdim olunub.

Xatırladaq ki, bu müsabiqə 20 il əvvəl də keçirilibmiş. İllər sonra təqaüd müsabiqəsi yenidən təşkil edilib.

“Müsabiqənin yenidən canlandırılmasının təkan nöqtəsi şəhidlərin xatirəsinin əbədiyyən yaşadılması, illər keçsə belə cəmiyyətin bütün nümayəndələrinin onlar haqqında məlumatlı olması, onları unutmamasıdır. Burada məqsəd həm də təhsilə marağın artırılması və şagirdlərin motivasiyasının yüksəldilməsidir. İyunun 6-da keçirilmiş müsabiqədə 5-11-ci siniflər arasında təhsil göstəriciləri yüksək olan 66 nəfər könüllü şagird iştirak edib. Şəhid R.Hədisov adına təqaüd müsabiqəsinin qalibləri iyunun 14-də Son Zəng tədbiri başa çatdıqdan sonra açıqlanıb”, – deyə xəbər verilir.

Tədbirdə R.Hədisov adına təqaüd proqramının rəhbəri, 2005-ci ildə Azərbaycanın qabaqcıl təhsil işçisi fəxri adı və 2015-ci ildə Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Tinov Bağmanov iştirak edib. Şəhid R.Hədisovun həyat yoldaşı Mesed Papaxova, məktəb kollektivi, keçmiş məzunlar və kənd bələdiyyəsi nümayəndəsi də yığıncaqda olub.

Müsabiqədə 21 nəfər qalib gəlib. Şəhid R.Hədisovun həyat yoldaşı M.Papaxovanın iştirakı ilə qaliblərə I, II, III dərəcəli diplom, I Qarabağ şəhidi R.Hədisovun fotosunun əks olunduğu döş nişanı və pul mükafatı təqdim olunub.

Mission News Theme by Compete Themes.