Press "Enter" to skip to content

Ramiz Əzizbəyli: “Səmimi sözdən qüdrətli söz yoxdur”

…Səsi, gülüşü, siması ilə bir deyil, yüzlərlə rollar ifa etmişdi. Biz onun rollarını izləyərək, sevə-sevə baxaraq, məzəli rolları ilə doya-doya gülərək böyümüşük. Onun rolları bir-birindən həm fərqlənirdi, həm də böyük maraga səbəb olurdu. Ən epizodik rolda belə yaddaqalan obraz yaratmaqda mahir sənətkar idi. Onun barəsində keçmiş zamanda yazmaq çox çətindir. Çünki siması, gülüşü, duzlu-məzəli ifadələri, səsi həmişə gözümüzün önündə və qulaqlarımızda qalacaq.

Bilirsiniz, aktyor var ki, illərlə səhnədədir, rollar alır, oynayır, amma yadda qalmır ki, qalmır. Aktyor da var ki, tək bircə ifadəsi dillər əzbəri olur.

Bir çox filmlərin səsləndirilməsində, dublyajında Ramiz müəllimin səsindən çox istifadə edilirdi. Çünki onun səsində həm şirinlik vardı, həm də özünəməxsus danışıq obrazı ilə insanlarda xoş əhval yarada bilirdi.

Ramiz Hacı Aga oğlu Əzizbəyli – “Şöhrət” ordenli (2018) Xalq artisti, professor, kinorejissor, yazar. Mahnılarını da özü bəstələyib, özü ifa edirdi. 106 filmə çəkilən sənətkar “Mozalan” kinojurnalında da dəfələrlə çəkilmişdi.

1985-ci ildə çəkilən “Bəyin oğurlanması” filmində yaratdığı İsabala obrazında ifa etdiyi “Aman Tello” mahnısını əzbər bilməyən tapılmaz. İsabala baş rol deyildi, epizodik obraz idi, amma aktyor o rolu elə oynayıb ki, onun jestlərindən, mimikasından indi də gənclər istifadə edirlər.

Ramiz Əzizbəyli “Pirverdinin xoruzu” adlı ilk filmini “Debüt” studiyasında çəkib. Qısametrajlı bədii film 1987-ci ildə ekranlara çıxıb.

Daha sonra kinorejissor kimi işini təkmilləşdirən R.Əzizbəyli 1991-ci ildə “Qaraqaya Film” studiyasında “Bəxt üzüyü” filmini çəkib. Bu filmdə rejissor bir sıra tanınmış səhnə korifeylərini bir araya yığa bilib. Əsas rolları xalq artistləri Afaq Bəşiqrızı, Valeh Kərimov, əməkdar artistlər Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyıli, Nəsir Sadıqzadə, Rəfael Dadaşov, Arif Quliyev və Cahangir Zeynalov ifa ediblər. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. “Bəxt üzüyü” filmində həm gülməli, həm də düşündürən səhnələr çoxdur.

R.Əzizbəyli xalqın içindən çıxanlardan oldudığı üçün insanların problemləri, həyat tərzi ilə daha yaxından tanış idi. Azərbaycanı qarış-qarış gəzən rejissor bölgələrin ləhcələrini də yaxşı bilirdi. Bu da ona “Bəxt üzüyü” filmində ləhcələrdən gen-bol istifadəyə imkan verirdi. Rejissor bu filmdə bacardığı qədər insan obrazı yaradaraq tamaşaçıların müzakirəsinə verib. Filmdə Moşu Göyəzənli kimi plagiat şairdən tutmuş, Tanrıverdi dayının timsalında müharibə veteranının tənha həyatı, içki düşkünü Aydının kənardan necə görünməsi, Rasim kimi narkotacirin yaşayış tərzi, həmçinin, polis rəisinin onlarla rəftarı çox təbii göstərilib. Film o qədər səmimidir ki, tamaşaçıların sevgisini qazanıb və hamı da maraqla baxır.

Bu filmə görə, 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor R.Əzizbəyliyə tamaşaçı rəğbətinə görə mükafatı verilib.

“Yalan var ki, günaha yazılmaz”

Bu yazımızda rejissor R.Əzizbəylinin 2006-cı ildə çəkdiyi kövrək hisslərlə dolu “Yalan” filmindən daha geniş danışacağıq. Filmin ssenaria müəllifi Orxan Fikrətoğludur.

I Qarabağ müharibəsinə həsr olunmuş filmdə şəhid vermiş bir ailənin əzab və iztirabları, ağır psixoloji durumları əks olunur.

Filmin əsasını oğlunun müharibədə şəhid olması xəbərini ürək xəstəsi olan xanımına deməyən və yalan söyləyən Yavərin (Vidadi Həsənov) çəkdiyi mənəvi əzab və iztirablar təşkil edir.

Filmdə I Qarabağ müharibəsinin qızğın dövründə dağda çobanlıq edən Yavər kişiyə oğlunun sabah əsgər gedəcəyini xəbər verirlər. Onun cəmi iki oğlu var. Həmkəndlisi onun texnikumu bitirmiş oğlu Vasifi dağa aylarla görmədiyi atası ilə görüşüb vidalaşmağa gətirir. Başı işə-gücə qarışan Yavər kişi oğlunun nə vaxt böyüməsindən xəbərsizdir. Oğlu “Dədə, mən texnikumu bitirmişəm, sabah döyüşməyə gedirəm. Müharibəyə könüllü yazılmışam”, – deyəndə Yavər kişi çaşıb qalır. Bilmir nə desin, nə etsin. Oğlunu yola salandan sonra düşünüb-daşınıb dağdan arana enib evinə gəlir. Vasifin anası ona oğlundan xəbər gətirməsini tapşırır və evdə bişirdiyi şəkərburalardan, dadlı təamlardan hazırlayaraq kişisini cəbhə zonasına göndərir. Müharibəyə gedən oğlundan cəmi bircə məktub alan Yavər kişi onun göndərdiyi həmin məktubu və şəklini götürərək soraqlaşa-soraqlaşa ön cəbhəyə gedib çıxır. Ön cəbhədə onu Vasifin komandirinin yanına aparırlar. Komandir ataya Vasifin kəşfiyyat bölümündə vuruşduğunu bildirir və bir neçə saatdan sonra kəşfiyyatdan dönəcəklərini deyir.

Yavər kişi döyüşdən dönəcək əsgərlər üçün quzu əti doğrayıb xörək bişirir. Vasifin anasının göndərdiyi ev bişmişlərinə də komandir və əsgərləri qonaq edir. Bu vaxt komandirə Vasifgilin minaya düşməsi xəbəri verilir. Komandir tələsik Vasifgilin minaya düşdüyü yerə gedir və ona Vasifin ayağının bir parşasını verirlər. Əsgərinin meyitini tapmasa da, onun ayağını dəfn edən komandir geri dönərkən Yavər kişinin gözlərindəki sevinc donur. Bişirdiyi kalafur yeməyini ehsan olaraq Vasifin döyüş yoldaşlarına paylayır. Oğlunun komandiri və döyüş yoldaşları onun paltarlarını Şəhidin atasına verərək Vasifin daim onların qəlbində yaşayacağını bildirirlər. Yavər kişi, bundan sonra evə dönmək istəmir, baş götürüb getmək istəyir, lakin bu da mümkün olmur.

Nəhayət, kəndə, evinə dönən Yavər kişi var qüvvəsini toplayaraq Vasifin ölümünü gizlədir. Hamıya yalandan oğlunun döyüşdə olduğunu bildirir. Hətta kənd poçtuna gedərək orada Vasifin xətti ilə oğlundan anasına məktub da yazır. Filmdə poçt müdiri rolunu rejissor özü oynayır. Yalnız poçt müdirinə doğruları söyləyən Yavər kişi dərdini onunla bölüşür. R.Əzizbəyli orada göz yaşlarını silə-silə ondan nə vaxta qədər bunu gizlədəcəyini soruşur.

Müharibə böyük oğlunu əlindən alandan sonra Yavər kişi yeniyetmə yaşında olan kiçik oğlunun belinə onun kəmərini bağlayır. Onu tez-tez bağrına basır, bütün diqqətini ona yönəldir. Böyük oğluna doyunca sevgi, qayğı vermədiyi üçün, həm də ailısinə yalan danışdığı üçün vicdan əzabı çəkir. Vicdan əzabı hətta onu depressiyaya salır, yorğan-döşəyə düşür.

“Yalan” filmi R.Əzizbəylinin daxili dünyasını açan filmdir. Filmin sonunda rejissor “Yalan var ki, günaha yazılmaz” deyə sitat da çəkib.

Rejissorun 2008-ci ildə çəkdiyi “Qovğalı kəndinin gecələri” bədii televiziya filminin ssenarisi tam fərqlidir. Filmdə Qovğalı kəndinin sakini Xasməmməd kişi gecəyarısı rus dilində şeirlər deyib sayıqlayır. Evdə hamı bir-birinə dəyir. Axı Xasməmməd kişi rus dilini bilmir. Xasməmməd kişini həkimin, mollanın yanına aparırlar. Filmdə baş rolda əməkdar artistlər Əzizaga Əzizov, Məsumə Babayeva, Azad Şükürov, Atabala Səfərov və başqaları çəkilib. Filmdə məzəli anlar, gülməli epizodlar yer alır.

Rejissorun baxışı

Hər dörd filmdə həyata müxtəlif yöndən yanaşma var. Bir-birinə qəti bənzəməyən bu filmlər rejissorin geniş düşüncə qabiliyyətindən və xüsusi istedadından xəbər verir. Bir çox rejissorlar var ki, onlar eyni xətli filmlər çəkirlər. Müxtəlif janr və üslubda, bir-birindən tamamilə fərqlənən filmlər çəkmək isə xüsusi istedad tələb edir. Bu da xoşbəxtlikdən R.Əzizbəylidə var idi.

Sözün düzü, bu filmləri sakit izləmək mümkün deyil. Filmlər adamı həm kövrəldir, həm güldürür, həm ağladır.

Ramiz Əzizbəylinin aktyor yaradıcılığı

Aktyor “Qərib cinlər diyarında” (Ərxas), “Şir evdən getdi” (Kişi), “Asif, Vasif, Ağasif” (Milis nəfəri), “Gümüşgöl əfsanəsi” (Tofiq), “Köhnə bərə” (Kərim), “Atları yəhərləyin” (Koxa), “Bağ mövsümü” (Əmirqulu), “Bəyin oğurlanması” (İsabala), “Xüsusi vəziyyət” (Yusif), “İşarəni dənizdən gözləyin” (Mustafa), “Qəm pəncərəsi” (Kərbəlayi Oruc), “Şeytan göz qabağında” (Direktor), “Şahid qız” (epizod), “Qəzəlxan” (Məmmədəli) kinolentlərində müxtəlif xarakterli rollar oynayıb. Ümumilikdə 106 filmə çəkilib. “Mozalan” satirik kinojurnalının bədii süjetlərində çəkilib.

“H.Z.Tağıyev”, “Qızıl Buta” mükafatları ilə təltif edilib. “Bəxt üzüyü” filmi Daşkənddə keçirilən Asiya və Latın Amerikası Ölkələrinin Kino Festivalında xüsusi diploma layiq görülüb. Aktyor müsahibələrində tez-tez deyirdi ki, “səmimi sözdən qüdrətli söz yoxdur”. Hər şeydən çox səmimiliyi qiymətləndirirdi.

Mahir istedadlı aktyor-rejissor R.Əzizbəyli 73 yaşına 42 gün qalmış bizləri tərk etdi. O, 1948-ci il iyulun 20-də Bakıda anadan olmuşdu. İncəsənət İnstitutunun Mədəni Maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlamışdı.

Sonralar bitirdiyi universitetin Estrada və Musiqli Teatr Aktyorluğu kafedrasının müdiri işləyirdi. Bir müddət Azərbaycan radiosunda “Gəl səhərim” verilişinin aparıcısı da olub. 2009-cu ildə – 65 yaşında səhhətində problemlər yaranan sənətkar 2013-cü ildə dalbadal 3 dəfə beyin insultu keçirib, aylarla yataqda qalıb.

2018-ci ildə yüksək qan təzyiqi və şəkər xəstəliyi onun ayağının amputasiya olunması ilə nəticələnib.

73 yaşında COVID-19-a yoluxub. Xəstəxanaya yerləşdirilən aktyor süni nəfəs aparatının altında infarkt keçirib.

COVID-19 onu da alıb götürdü aramızdan 9 iyun 2021-ci ildə. Ramiz Əzizbəyli yeri görünəcək aktyor və rejissorlarımızdandır. Allah istedadlı sənətkarımıza rəhmət eləsin!

Mission News Theme by Compete Themes.