Press "Enter" to skip to content

Məktəb direktorlarının işə qəbulu üzrə müsahibələrə başlanılır

Bayraqdar.info – İyunun 21-dən etibarən məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Müsahibədə müvafiq keçid balı toplamış 1 min 552 namizəd iştirak hüququ qazanıb.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, ilkin müsahibələrdə balı 36-dan və şagird sayı min nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.

Pandemiya şəraiti ilə əlaqədar olaraq işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə keçiriləcək. Onlayn müsahibə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.

Qeyd olunur ki, müsahibə keçiriləcək hər günün sonunda Nazirliyin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

Namizədlərin şəxsi səhifələrinə bu haqda müvafiq məlumat göndəriləcək.

Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Onlayn müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanaraq müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.

Mission News Theme by Compete Themes.