Press "Enter" to skip to content

İşğaldan azad edilmiş Şuşanın ilk dövlət rəhbəri qonağı

Bayraqdar.info – İyunun 15-də Azərbaycanda səfərdə olan Türkiyə Cümhurbaşqanı R.T.Erdoğan Şuşa şəhərinə yola düşüb. Azərbaycan Prezidenti İlham Əliyev R.T.Erdoğanı və xanımı Emine Erdoğanı Füzuli rayonunda qarşılayıb.

Xəbəri Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Daha sonra Türkiyə Cümhurbaşqanının Şuşada rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Cümhurbaşqanının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İ.Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Cümhurbaşqanı və xanımını Şuşada qarşılayıblar. İki dövlətin himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezidentlərin qarşısından keçib.

Daha sonra dövlət başçıları rəsmi foto çəkdiriblər.

Təkbətək görüşün sonunda prezidentlər “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar.

Prezidentlər mətbuat konfransı keçiriblər. Konfransda onlar birgə bəyanatla çıxış ediblər.

“Xan qızı” bulağında

Xəbərdə deyilir ki, iki ölkənin rəhbərləri xanımları ilə birlikdə Şuşada “Xan qızı” bulağını ziyarət edib. Bulaq haqqında qonaqlara məlumat verilib.

Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra bərpa edilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirilib.

Axşam saatlarında Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub.

Xəbərdə daha sonra bildirilir ki, hər iki prezident və onların xanımları musiqili kompozisiyaya baxıblar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Opera və Balet Teatrının balet truppasının rəqsləri təqdim edilib. F.Əmirov adına Dövlət Mahnı və Rəqs, Azərbaycan Dövlət Rəqs, “Mirvari” rəqs ansambllarının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri nümayiş edilib.

“Natiq” ritm qrupunun ifaları və hər iki ölkənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Prezident R.T.Erdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin H.Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarklığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.

Mission News Theme by Compete Themes.