Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi iyulun 1-də keçirilməsini nəzərdə tutduğu müxtəlif növ imtahanların gününü artırıb.
DİM-dən bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib.
İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsini qərara alıb.
DİM-dən bildirilib ki, imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.
İyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək:
– əvvəlki illərin məzunları üçün qəbul imtahanının 1-ci mərhələsi, 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
– aprel ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı;
– eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.