Bayraqdar.info – Uyğur İnsan Haqları Layihəsi (UHRP) Çexiya və Belçika parlamentlərinin uyğurlara qarşı cinayətlərlə bağlı tanımlamasını alqışlayır.
Bu haqda bayraqdar.info-ya UHRP-dən daxil olan məlumatda deyilir.
Məlumata görə, Çexiya Senatı və Belçika parlamenti Çin hökumətinin uyğurlara tətbiq etdiklərini “insanlıq əleyhinə cinayət və soyqırımı” kimi tanımaqla bağlı təklifə yekdilliklə səs verib. Eyni zamanda 2022-ci ildə Pekində keçiriləcək Olimpiadanın da boykot edilməsinə səs verilib.
UHRP icraçı direktoru Ömer Kanat deyib ki, “biz buna görə çex və belçikalı dostlarımıza təşəkkür edirik”. O, daha sonra bildirib ki, artıq dünyanın yeddi ölkəsi Çinin uyğurlara qarşı əməllərini “vəhşi cinayət” kimi tanıyıb. “Çin dövləti geniş təbliğatına və diplomatik basqılarına baxmayaraq beynəlxalq qınaqdan yaxa qurtara bilməyəcək”, – deyə Ö.Kanat bildirib.
Qeyd edək ki, Çexiya və Belçikanın bu tanıması Kanada, Böyük Britaniya, Danimarka və Litva parlamentlərinin uyğun addımının davamıdır. Eyni zamanda ABŞ-ın da müvafiq mövqeyi olub. Bundan başqa Çexiya Pekin – 2022 Olimpiadasını boykot etməyi gündəmə gətirən 11-ci ölkədir. Digər ölkələr Litva, Danimarka, İsveç, İsveçrə, İtaliya, Kanada, Almaniya, Avropa Birliyi, Böyük Britaniya və ABŞ-dır.