Bayraqdar.info – “Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçısı olduğu beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırdır.”
Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zengstşmid deyib.
Azərbaycan Turizm Bürosu bayraqdar.info-ya bildirilib ki, iyunun 15-də F.Zengstşmidin PATA Baş icraçı direktoru Liz Ortiguera ilə onlayn görüşü keçirilib. F.Zengstşmid Azərbaycanın PATA-ya üzvlüyünün növbəti illərdə də davam etdirilməsinin planlaşdırıldığını və təşkilatın fəaliyyətində geniş iştirak ediləcəyini bildirib.
Xanım L.Ortiguera beynəlxalq assosiasiya olaraq Azərbaycanın Asiya və Sakit Okean regionu üzrə marketinq fəaliyyətinə dəstək göstərmək niyyətində olduqlarını deyib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu PATA-ya 2019-cu ildən etibarən üzvdür. Beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv ölkələrin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.
Dünya üzrə ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən etibarən fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.