Bayraqdar.info – Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in iyunun 15-də Şuşada keçirilmiş tədbirlərlə bağlı münasibətinə cavab verib.
Nazirlikdən bayraqdar.info-ya daxil olan məlumatda deyilir ki, L.Abdullayeva “Ermənistan XİN Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib” fikrinə belə münasibət bildirib: “Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.
“Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.
“Ermənistan XİN-nə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”.
Əlavə edək ki, iyunun 15-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşada geniş tədbirlərdə iştirak edərək iki ölkə arasında “Şuşa Bəyannaməsi” imzalayıb.