Bayraqdar.info – İyunun 16-da futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun oyunlarına başlanılacaq.
Bu barədə xəbər AFFA-dan verilib.
Xəbərdə bildirilir ki, günün ilk oyunu B qrupunda yer alan komandalar arasında oynanılacaq. İlk turda Danimarka millisinə gözlənilmədən qalib gələn Finlandiya seçməsi birinci oyunda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq.
Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı hakim Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.
Günün ikinci oyununda Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq. Çempionatın açılış oyununda Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.
Xəbərdə qeyd edilir ki, Türkiyə millisi Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəlib. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıb. Komandalar ümumilikdə 6 rəsmi oyunda qarşılaşıblar. Həmin oyunların 2-də qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.
Türkiyə milli komandası Uels ilə oyunda 98 illik tarixində 594-cü oyununa çıxacaq. Həmin görüşlərin 226-da qalib gələn Türkiyə 225 görüşdən məğlub ayrılıb, 142 oyunda isə heç-heçə edib. Şenol Günəşin rəhbərliyi ilə indiyədək keçirdiyi 54 rəsmi oyunun 30-nu qələbə ilə başa vuran Türkiyə millisi 11 görüşdə uduzub, 13 oyunda isə meydandan “sülh”lə ayrılıb. Bu görüşlərdə 96 qol vuran komanda qapısından 51 top buraxıb.
AFFA-nın xəbərinə görə, saat 20:00-da başlayacaq oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Bir xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
Günün son görüşü A qrupunun hazırkı lideri İtaliya millisi və İsveçrə seçməsi arasında olacaq.
Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA hakimi Sergey Karasyov idarə edəcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu bu gün Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.
Avro-2020-nin final oyunu iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
Onu da əlavə edək ki, Bakıdakı Türkiyə-Uels görüşünü hazırda Azərbaycanda səfərdə olan Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcək.