Press "Enter" to skip to content

Prezident azad edilmiş torpaqlardakı tikinti-quruculuq işlərilə tanış olub

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonunda səfədə olub.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Məlumatda deyilir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub.

Prezidentə Hava Limanında görülən işlər barədə məlumat verilib.

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev bildirib ki, Hava Limanının tikintisinə yanvar ayında başlanılıb: “Bu plakatda 3 min m uzunluğunda, 60 m enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi asfaltlama işləri ilə məşğuluq. Sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada – Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var. Həm burada, həm də Zəfər yolunun tikintisində bu avadanlıqlardan istifadə edirik. Perronun ölçüləri 60 min kv m-dir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də 170 avtomobillik dayanacaq olacaq. Bu yol həm Zəfər yolu, həm də əsas dördzolaqlı yol ilə birləşəcək. Hava Limanının binasının tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib. İşlər bu sürətlə getsə, Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər”, – deyə o bildirib.

Daha sonra K.Əliyev qüllə tikintisi haqda da məlumat verib. Qeyd edib ki, qüllənin tikintisində aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.

Məlumatda deyilir ki, sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış olub.

K.Əliyev Prezidentə məlumat verib ki, Zəngilanda və Laçın rayonunda aeroportun tikiləcəyi yerdə böyük həcmli torpaq işi görüləcək. Orada artıq ofis qurulub və texnika da aparılıb.

Daha sonra ölkə başçısı Füzuli-Şuşa yolundkı işlərlə maraqlanıb.

Qeyd edək ki, hazırda Füzuli, Zəngilan və Laçın Hava Limanlarına uçuşların təmin edilməsi üçün beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

Ölkə başçısı Köndələnçay Su Anbarında olub

Dövlət başçısı İ.Əliyev və birinci xanım M.Əliyeva daha sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub.

Burada onlara su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident İlham Əliyev deyib: “Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız – bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanıb”.

PA-nın məlumatında xəbər verilir ki, Əhmədbəyli-Füzuli-Şuşa – Zəfər yolunda görülən işlərlə tanış olan ölkə rəhbərinə tikinti işlərinin gedişi barədə məlumat verilib.

Bildirilib ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa kəsiminin uzunluğu 81 km, Zəfər yolunun ümumi uzunluğu isə 101 km olacaq. Yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

“Füzuli” və “Şükürbəyli” yarımstansiyaları açıldı

Prezident və birinci xanım yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak edib. Onlara 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, 110/35/10 kvt-luq yarımstansiya inşa edilən yeni Hava Lmanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdəki bütün infrastrukturu elektriklə təchiz edəcək.

Dövlət başçısı “Füzuli” yarımstansiyasını işə salıb.

Sonra Prezident İ.Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını edib.

Qeyd edilib ki, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 km-lik ikidövrəli 110 kvt-luq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kvt-luq yarımstansiya ilə əlaqələndirilib. Hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kvt-luq yarımstansiyalara ikidövrəli 110 kvt-luq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olan Prezidentə körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 m olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.

Daha sonra ölkə başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Ona tunelin texniki göstəriciləri barədə məlumat verilib. İki ikizolaqlı tunelin tikiləcəyi və tunellərin hər birinin uzunluğunun 530 m, eninin isə 12 m olacağı barədə məlumat verilib.

Mission News Theme by Compete Themes.