Press "Enter" to skip to content

15 İyun Milli Qurtuluş Günü: haradan haraya

15 iyun günüdür bu gün. Milli Qurtuluş Günü. Belə baxanda, indiki nəsil üçün çoxsaylı bayram günlərindən biridir. Lakin bizim kimi o illərin içindən sıyrılıb bu günlərə gəlmiş insanlar üçün 15 iyun adi bayram günlərindən biri ola bilməz.

Fərqlidir 15 iyun. Çünki o gün – 1993-cü ildə Azərbaycan, əslində yox olmaqdan, parça-parça parçalanıb dörd tərəfimizi sarmış yağılara peşkəş edilməkdən qurtuldu.

Dönəmin adamları yaxşı xatırlayır. Qiyamçı-xain polkovnik Surət Hüseynovun Qarabağda ermənilərə qarşı döyüşən hərbi qüvvəni oradan çəkib Bakının üzərinə yeritməsinin şahidləriyik biz. Biz həm də bu başıpozuq xain dəstəsinin qarşısında aciz qalan bir hakimiyyətə şahidlik edirdik.

Acı günlər idi. Ağır idi. Hakimiyyət pərən-pərən, düşmən də boş durmadığı günlər idi. Hər kəs Azərbaycandan bir pay qoparmağa çalışırdı. Ona görə də bu surətləri fəallaşdırmışdılar…

O günlərdə gözümüz bir xilaskar axtarırdı. Kim çıxaracaq bu ölkəni bu ağır durumdan? Günün sualı idi. Və həmin günlərdə ölkə Prezidenti Əbülfəz Elçibəy bəlkə də siyasi karyerasının ən doğru qərarını verdi. O, üzünü Naxçıvana tutaraq o cür kiçik bir məkana sıxışdırılmış təcrübəli dövlət adamı Heydər Əliyevi Bakıya dəvət etdi.

Çox doğru qərar idi bu. Ən düzgün, bəlkə də yeganə çıxış yolu idi.

İndi aradan illər keçib, biz bir qədər təmkinli davrana bilirik. Amma o illərdə emosiyalarımız zirvədə idi. Qorxurduq. Narahat idik. Çünki Azərbaycan əldən gedirdi. Bir qurtarıcı lazım idi. Məhz o qurtarıcı Heydər Əliyev oldu. 1993-cü ilin 15 iyununda.

Biz indi geriyə dönüb baxanda bu adamın nə qədər nəhəng bir dövlət adamı olduğunu fərq edirik. O illərdə bunun fərqinə vara bilmirdik. O, çox illər sonraya hədəflənən strateji gedişlər edirdi, bizsə tələb edirdik ki, ani istəklərimiz dərhal yerinə yetirilsin.

H.Əliyevin işi çətin idi. Bir tərəfdən torpaqlarımızı işğal etmiş düşmənlə çarpışmalı, digər tərəfdən də ölkə içindəki narazı qüvvələrə enerji xərcləməli idi. Hələ üstəlik Azərbaycanı iqtisadi böhrandan çıxarmalı, ac qarınları doyurub millətin belini dikəltməsini təmin etməliydi…

Çox çətin günlər idi o günlər. Elə günlərdən Azərbaycanı yalnız H.Əliyev kimi bir qətiyyət və təcrübə sahibi çıxara bilərdi. O baxımdan Ə.Elçibəy seçimi düzgün etmişdi. H.Əliyevi Bakıya dəvət edib hakimiyyəti ona təhvil verməklə Azərbaycanın yox olmasına gedən yolu beləcə kəsmişdi.

H.Əliyevin özü bir qurtuluş rəmziydi o günlərdə. İndi – aradan 28 il keçdikdən sonra dönüb geri baxanda biz – o dövrün şahidləri həmin rəmzi daha aydın görə bilir, daha dərindən anlamağı bacarırıq.

Sonrakı illər də yadımızdadır. İlk işlərdən biri darmadağın olmuş Azərbaycanın üzərinə gələn Ermənistanı dayandırmaq idi. Təbii ki, Ermənistan bunu öz gücünə etmirdi. Arxası vardı. Ruslar ermənilərlə birlik olub Azərbaycanı dizə gətirmək istəyirdilər. O dönəmdə H.Əliyev sonradan iç müxalifətin ciddi tənqidlərinə səbəb olacaq Bişkek razılaşmasına izn verdi. 1994-cü ilin mayında Bişkekdə Ermənistanla atəşkəs imzalandı və fəal hərbi əməliyyatlar dayandırıldı. Bu isə Azərbaycanın nəfəs dərib toparlanması üçün olduqca vacib idi.

H.Əliyev yaranmış fürsəti ciddi dəyərləndirərək elə həmin ilin sentyabrında Bakıda “Əsrin kontraktı”nı imzaladı. Dünyanın ən nəhəng neft-qaz şirkətləri Bakıya toplaşaraq Azərbaycanın təbii resurslarını istismar üçün razılığa gəldi. Bu isə böyük pulların yolunun açılması demək idi. Bu isə Azərbaycanın az sonra özünə gəlib belini dikəltməsi demək idi. Bu isə həm də illər sonra Azərbaycanın qüdrətli bir dövlətə çevriləcəyi demək idi.

H.Əliyev hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində yalnız ona çalışdı ki, Azərbaycanı güclü bir təməl üzərinə oturtsun. Elə bir təməl ki, sonrakı mərhələdə onun üzərində inşa ediləcək bina qüdrətilə seçilə bilsin.

Bacardı da bunu o. Azərbaycanı dünyaya tanıtdı. Dünyanı Azərbaycana cəlb etdi. Bizə qarşı aparılan erməni təbliğatını darmadağın edib müasir bir Azərbaycan obrazını dünyaya təqdim edə bildi. Bütün bunlar isə illər sonra torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinə hesablanmış uzaqgörən gedişlər idi.

İllər keçdi. Prezident İlham Əliyev ona buraxılmış mirasa layiqincə sahib durmağı bacardı. O, bu mirası nəinki qorudu, həm də artırdı, genişləndirdi. Özü də qat-qat! Və ata vəsiyyətini bir an belə unutmadan hər keçən il Qarabağı bizə yaxınlaşdırdı.

İ.Əliyev 2020-ci il sentyabrın 27-ndə artıq Azərbaycanın öz gücünə torpaqlarını azad edəcəyi qərarını verdi. İşğalçı Ermənistanın o günə təsadüf edən təxribatları Azərbaycan ordusunun əks hücuma keçməsinə səbəb oldu. Bu isə 44 gün ərzində Vətən torpaqlarının tam olaraq azadlığa qovuşmasının yolunu açdı.

Ermənistan bir zamanlar H.Əliyevin müdrik uzaqgörənliklə tətbiq etdiyi siyasətin nəticələri ilə hesablaşmalı oldu. Halbuki o illərdə bizi – Azərbaycanı lağa qoyur, “Dağlıq Qarabağ artıq baş tutmuş dövlətdir, Azərbaycan bununla hesablaşmalıdır” kimi bəyanatlar verirdilər. Lakin illər keçdi və Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi altında bütün dünyaya göstərdi ki, nəinki Dağlıq Qarabağ, heç işğalçı Ermənistanın özü belə baş tutmuş dövlət halında deyil…

15 iyun Mill Qurtuluş Günüdür. 2021-ci ilin bu günü də əlamətdar hadisələrlə yadda qalır. Məhz bu gün Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycanlı həmkarıyla birlikdə Şuşaya səfər edir. Röya kimidir, deyilmi? İki qardaş ölkənin prezidentləri Şuşada önəmli sənədlərə imza atır. Bayram bayrama qarışır bu gün…

Geri dönüb baxırıq və düşünürük: haradan haraya gəldik biz… Ulu öndərin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü ilin Azərbaycanından əsər-əlamət belə yoxdur. Niyə, nəyin hesabına? Məhz elə H.Əliyevin uzun vədəli müdrik uzaqgörənliyinin hesabına!

Sözardı: Bir gün öncə yazmışdıq. Almaniyalı bir hərbi ekspert Azərbaycanın 44 günlük Vətən savaşını təhlil edib. Və bu qənaətə gəlib ki, əgər Almaniya Azərbaycanla savaşmalı olsaydı qalib gəlməsi çox çətin olardı…

Mission News Theme by Compete Themes.