Press "Enter" to skip to content

Təhsil və innovasiya ekosistemimizin absurd vəziyyəti

Osman Gündüz

1. Kompüter və İT yönümlü ixtisas üzrə ali məktəbə qəbul olunmaq istəyənlər hazırda informatikadan deyil, nə qədər qəribə və absurd görünsə də kimyadan imtahana hazırlaşır. Baxmayaraq ki, məktəblərdə 11 il informatika tədris olunur.

2. Və ya kompüter və İT istiqamətinə maraq göstərən, bu sahədə az-çox bilik və bacarığı olanlar da kimya imtahanını nəzərə alaraq tamamilə ayrı ixtisas seçmək məcburiyyətindədir. Yəni uzun illərdir ki, şagirdin, ailənin, müəllimin və məktəbin resursları (zaman, pul, bilik-bacarıq və s.) bilərəkdən absurd istiqamətə yönləndirilir.

Hələlik ekosistemə əsas cavabdeh qurumlar olan Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və ASAN, İT ixtisası verən universitetlər, İKT ictimaiyyəti DİM-in bu qərarının ləğvinə nail ola bilməyiblər.

Hərdən müşahidə edirik ki, adı çəkilən qurumlar sektorda canlanma yaratmaq, regionlarda bu istiqamətdə müəyyən dirçəliş, daha yaxşı mühit üçün hansısa işlər görmək istəyir.

Amma hamı bilir ki, “informatika, yoxsa kimya” problemi həll edilmədən İT və innovasiya sektorunda ciddi keyfiyyət dəyişiklikləri mümkün olmayacaq.

Adi hesablama ilə, adi bir monitorinqlə müəyyən etmək olar ki, DİM-in bu məntiqsiz qərarı ilə uzun illər ərzində inkişafa nə qədər amansız zərbə vurulub və vurulmaqda davam edir.

Sadəcə bilmirik, bütün bu mənasız dirənişlər yaınızca DİM-in bəsit məntiqindənmi ibarətdir, yaxud yalnız iki dövlət qurumu arasında olan ziddiyətlərinmi təzahürüdür? Yoxsa ölkədə bu sahədə inkişafı istəməyən daha dərin mətləblərmi var?

Görünür ki, növbəti mərhələdə bu problemin həlli istiqamətində daha ciddi addımlar atmaq lazım gələcək.

Xatırlayıram ki, 20 il öncə internetə “texnoloji senzura” tətbiq etdiyinə görə, vətəndaş cəmiyyəti qurumları olaraq o zamankı Rabitə Nazirliyini məhkəməyə vermişdik. Bəzi dövlət qurumları da rəsmi olaraq bizi müdafiə etmişdilər və bu, çox uğurlu nəticə vermişdi.

Bəlkə yığışıb DİM-i məhkəməyə verək?

Mission News Theme by Compete Themes.