Son yeniləmə: 14 İyun 2021 11:23
Bayraqdar.info – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndi, onun qışlaq və yaylaqlarında “Tərəkəmə qadın” sənədli filminin çəkilişləri aparılır.
Xəbər bayraqdar.info-ya “Miras”-dan verilib.
Layihə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənir. Layihənin əsas məqsədi heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir.
A.Mürşüdova Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində yaranmış Gəgəli kəndində yaşayıb.
Ekran əsərinin əvvəlcə kənd və qışlaq kadrları çəkilib. A.Mürşüdova və oğlu Cümşüd Mürşüdovun təsərrüfatında olan çəkiliş heyəti indi heyvanların çıxarıldığı Gəgəli yaylaqlarında çəkilişləri davam etdirir.
Filmdə təbiətin genişliyi, ənənələrin qədimliyi, ruhların təmizliyi, heyvanların bərəkətliliyi və yetmiş yaşlarında bir qadının xatirələri ön planda verilir. O, keçmişlə bu günü müqayisə edir və ənənələrə yeni izahlar gətirir. İcmasının bir fərdi olan Abidə nənə icmasını dünyaya tanıtmağın yollarını arayır.
Film tərəkəmə həyat tərzinə hermenevtik baxışı, tarixi ənənələrin yaşayan folklor nümunəsi kimi interpretasiyasını təqdim edir.
Son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılması üçün prioritetdir.
“Tərəkəmə qadın” sənədli filmi 5 min nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaq.
Filmin prodüser və rejissoru Nihad İsa, senari müəllifi Arzu Soltan, məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Ekran əsəri ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi tərəkəmə həyat tərzinin kənd təsərrüfatı və turizm imkanlarını cəmiyyətə təqdim etməyi planlaşdırır.