Son yeniləmə: 14 İyun 2021 09:03
Bayraqdar.info – Ərdəbil həbsxanasında başda Abbas Lisani olmaqla aclıq aksiyası keçirən Güney Azərbaycanlı siyasi məhbuslara dəstək dalğası yeni vüsət alıb.
İyunun 11-i gecə, Ərdəbildən başlayan etiraz və dəstək aksiyaları iyunun 12-dən başlayaraq Təbriz şəhərində davam etdirilərək daha da genişlənib.
Siyasi məhbusların aclıq aksiyasının ikinci günündə neçənci dəfə olaraq Təbriz şəhərinin milli-mədəni fəalları və başqa müxalif və etirazçılar İran rejiminin seçki təbliğatı kampaniyalarını kölgədə qoyaraq bütün diqqəti siyasi məhbuslara edilən təzyiqlərə yönəldə bilib.
İyunun 12-si axşam saatlarında Təbrizin ətraf məhəllələrində başlayan aksiyalar iyunun 13-ü gündüz saatlarında da davam etdirilib və şəhərin bütün bölgələrini və mərkəzi küçələrini əhatə edib.
Milli-mədəni fəallar və etirazçılar Abbas Lisani və aclıq aksiyasına əl atan başqa dörd siyasi məhbusun minlərlə fotolarını, afişalarını və onlara dəstək bildirən şüarlar yazılmış vərəqləri əksər küçələrdə yayıb, yapışdırıblar.
Şəhərin bir çox yerlərində İranın 13-cü dövr prezident seçkilərində iştirak edən namizədlərin təbliğat afişalarının üzərinə siyasi məhbusların fotoları, onlara qarşı təzyiqlərə etiraz vərəqləri yapışdırılıb.
Bununla yanaşı şəhərin divarlarına siyasi məhbuslar və Azərbaycan xalqının hüquqları ilə bağlı müxtəlif məzmunlu şüarlar yazılıb.
Əsas diqqət çəkən şüarlar:
“Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim”
“Yaşasın türk milləti”
“İnsanlara azadlıq, millətlərə istiqlal”
“Yata dustaqda Lisani, bu, dinə zillətdir”
“Bizim qırmızı xəttimiz #AbbasLisani”
“Bu həmin islam adı ilə tikilən dövlətdir”
“Azərbaycan milləti azad olacaqdır #Abbas_Lisani”
“Siyasi məhbusların həyatı təhlükədədir”
“Tehranda seçkilər, Azərbaycanda aksiyalar” və b.
Qarşıdakı günlərdə aksiyaların daha da genişlənəcəyi və Güney Azərbaycanın bütün şəhərlərini əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, Abbas Lisani həbsxana məsuluna yazdığı açıq məktubunda “Siyasi məhbuslara zülm dayandırılmasa ölsəm belə sonadək savaşacam”, – deyə xəbərdarlıq edib.
C.E
Qaynaq: GünAz.TV