Bayraqdar.info – İyunun 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçiriləcək.
Xəbər bayraqdar.info-ya Muzeydən verilib.
Bildirilir ki, ekspozisiyanın hazırlanmasında muzeyin kitabxanasında, arxeologiya, etnoqrafiya, köməkçi tarixi fənn materialları, numizmatika, xüsusi, silahlar və bayraqlar fondlarında qorunan 250 eksponatdan istifadə edilib.
XII–XIII əsrlərin əvvəllərinə aid olan eksponatlar əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərindən aşkar edilərək gətirilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim ediləcək. Eksponatlardan 1909-cu ildə Gəncədə basılmış Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.
Muzeydən qeyd edilir ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021 Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Həmçinin bu il Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının 885 yaşı tamam olur. Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.