Son yeniləmə: 13 İyun 2021
Yücel Karauz: Recep Tayyip Erdoğanın Azərbaycana səfərinin nəticəsi olaraq Birgə Monitorinq Mərkəzinin fəaliyyət sahəsinin genişləndirilməsi gündəmə gələ bilər.
Bayraqdar.info – “Ermənistan hakimiyyəti istər Qarabağın ermənilər yaşayan hissəsində, istərsə də Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına xidmət edən silsilə təxribatlar törətməkdədir. Məqsəd də seçkiqabağı rəqabətdə bu amildən siyasi rəqiblərə qarşı istifadə etməkdir. Ermənistan, eyni zamanda minalanmış bütün ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən imtina edir. Məhz bu minaların partlaması nəticəsində noyabrın 10-dan bu günə kimi 27 mülki Azərbaycan vətəndaşı həlak olub. 150-yə yaxın mülki vətəndaş isə yaralanıb. Bu isə Ermənistan tərəfindən müharibə cinayətlərinin davam etməsi deməkdir. Bu, həmçinin Azərbaycanın sərgilədiyi sülhpərvər və humanist siyasətə Ermənsitanın qeyri-adekvat cavab verməsi deməkdir.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
Prezident İlham Əliyevin diplomatik qələbəsi
Məlum olduğu kimi iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın yerləşdirildiyi ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində isə Azərbaycanda saxlanılan 15 Ermənistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində Gürcüstanın vasitəçiliyi ilə Ermənistana təhvil verilib. Açıqlamasında bu məqama da toxunan Y.Karauz Gürcüstanın vasitəçiliyi ilə baş tutan bu prosesi müsbət dəyərləndirib: “Qeyd edim ki, bu, mina təhlükəsinin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi növbəti diplomatik qələbədir. Bu addım yüzlərlə insan həyatını xilas etməyə, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin sürətlə həyata keçirilməsinə səbəb olacaq.
“Eyni zamanda daimi yaşayış yerlərini tərk etməyə məcbur olan azərbaycanlı bacı-qardaşlarımızın doğma yurd-yuvalarına qayıtmasına imkan yaradacaq. Hesab edirəm ki, bu proses davamlı olmalıdır. Yəni, bunu alqışlayan beynəlxalq birlik vaxt itirmədən Azərbaycanın minalanmış digər ərazilərinin də xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan yüz minlərlə minanın xəritəsini verməlidir. Bu mühüm məsələdə qardaş Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanır. Eyni zamanda beynəlxalq təzyiq Ermənistanın sərhədlər məsələsində yersiz inadından əl çəkməsinə də səbəb ola bilər”.
Müsahibimiz Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın NATO toplantısında Ermənistanın bu təcavüzkar hərəkətlərini davam etdirməsi məsələsini qaldıracağını da deyib: “Bu toplantıdan öncə ABŞ-ın yüksək rütbəli rəsmilərinin Türkiyəyə və Azərbaycana səfərləri də diqqətdən yayınmamalıdır. Çünki həmin səfərlər zamanı keçirilən görüşlərdə bu məsələlər də müzakirə edilib. Eyni zamanda, Recep Tayyip Erdoğan ABŞ və Fransa prezidentləri ilə NATO toplantısı çərçivəsində keçirəcəyi görüşlərdə də bu məsələləri qaldıracaq”.
Birgə Monitorinq Mərkəzinin fəaliyyəti
Y.Karauz R.T.Erdoğanın Azərbaycana səfərinin ikitərəfli əməkdaşılığın inkişafı və yuxarıda bəhs edilən məsələ ilə bağlı önəm kəsb etdiyini vurğulayıb: “Səfər zamanı iki qardaş ölkə arasındakı strateji əlaqələrin daha da gücləndirilməsi üçün addımlar atılacaq. Təbii ki, bu səfərin nəticəsi olaraq Birgə Monitorinq Mərkəzinin fəaliyyət sahəsinin genişləndirilməsi də gündəmə gələ bilər. Məlum olduğu kimi 10 noyabr Bəyanatı əsasında formalaşdırılan Birgə Monitorinq Mərkəzi ermənilər tərəfindən Qarabağda törədiləcək təxribatların qarşısını almaq məqsədilə yaradılıb. Rusiya və Türkiyənin ortaqlığı ilə formalaşdırılan Birgə Monitorinq Mərkəzi ötən müddət ərzində müəyyən uğurlu işlər görüb. Elə iyunun 8-də Moskvada keçirilən Rusiya-Türkiyə XİN-lərarası məsləhətləşmələr zamanı da Mərkəzin fəaliyyəti yüksək dəyərləndirilib”.