Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti türk dünyasında arzuolunan liderdir

Son yeniləmə: 12 İyun 2021 09:19

Bayraqdar.info – Qırğızıstanlı siyasi xadim Bakıt Baketayev Prezident Sadır Caparovun Türkiyə səfərini ən uğurlu səfər hesab edir. O, bu haqda fikrini bayraqdar.info-nun Orta Asiya üzrə media tərəfdaşı Golden Bridge News-a açıqlamasında bildirib.

B.Baketayev deyib ki, S.Caparovun bu səfəri 30 illik müstəqillik dövründə Qırğızıstan prezidentlərinin Türkiyə səfərləri arasında ən uğurlusudur.

Siyasi xadim onu da əlavə edib ki, S.Caparov Kuzey Kıbrıs məsələsinə də həssaslığıyla seçilir: “Çünki 2006-cı ildə S.Caparov Türkiyə dışında dünyada heç bir ölkənin tanımadığı Kuzey Kıbrıs parlamenti ilə bir dostluq qrupuna rəhbərlik etmişdi”.

O dönəmdə Yunanıstanla Türkiyə arasındakı durum ağırlaşmışdı. O, bu qrupdakı rəhbərliyin yaxşı bir şey vəd etməməsinə baxmayaraq, məsələnin çətin olduğunu, ancaq qərar vermək lazım olduğunu söyləmiş və “buna mən qərar verim” demişdi.

B.Baketayev bildirib ki, qrupa rəhbərliyi təklif etdiyi bütün deputatlar ABŞ, Fransa, Rusiya, Çin kimi ölkələrlə dostluq qruplarına başçılıq etməyə həvəs göstərib. O isə 2006-cı ildə bir qrup toplayaraq Kuzey Kıbrısa səfər edib. Türk mediası və siyasətçiləri buna görə çox minnətdar olub. O dönəmdə dünyanın heç bir ölkəsi Kuzey Kıbrısa belə bir heyət göndərməmişdi.

Səfər sırasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Rauf Denktaş qırğız heyətinin necə gəldiyi ilə maraqlanıb. Bunun qarşılığında S.Caparov R.Denktaşa bir əhvalat danışıb. Bu, savaşda məğlub olmuş bir qırğız qəhrəmanın gizli şəkildə oğlunu ata mindirərək qurtulmağa çalışması haqqında idi. Bu qəhrəman bir anda savaş meydanında iki qıçı da qırılmış qardaşını görür. Nə edəcəyini bilmir. Oğluna atdan enib qardaşını qurtarmasını deməsi təhlükəsiz deyil. Onda “eyni atanın oğulları eyni ata minsinlər” deyə bağırır. Bunu eşidəndə oğlu atdan enir, qıçları qırılmış əmisini ata mindirir və onu beləcə savaş meydanından uzaqlaşdırırlar. Bu hekayəti danışan S.Caparov üzünü R.Denktaşa tutaraq əlavə edir: “Artıq bu qardaşa bənzəyirsiniz və heyətimiz sizə bir şəkildə yardımçı ola bilər”.

Daha sonra S.Caparov R.Denktaşı Qırğızıstana dəvət edir.

B.Baketayev daha sonra danışır ki, bu səfər diplomatik deyildi. Lakin Qırğızıstan Xarici İşlər Nazirliyi bununla bağlı bir sıra açıqlamalar verməli olmuşdu. Hətta səfər hazırlıqları sırasında istər XİN, istərsə də Prezident Aparatı buna qarşı çıxış etmişdi. Lakin S.Caparov o səfəri gerçəkləşdirdi.

Qırğız siyasətçi deyir ki, Türkiyədə bu səfər haqqında bilməyən yoxdur: “O baxımdan qardaş ölkədə S.Caparov çox hörmətli bir Qırğız Prezidenti kimi qəbul ediləcək. Bu sadə, insani davranış türk dostları tərəfindən çox bəyənilməkdədir və məncə Recep Tayyip Erdoğan da təqdir etməkdədir. Bu səbəblə S.Caparov “mənə 5-6 “Bayraqdar” ver” desə, məncə o, bununla yetinməyəcək. Və Qırğızıstan-Tacikistan sərhədində sülhü təmin edəcəyik”.

“Artıq qırğız-türk dostluğu dönəminə daxil oluruq. Çünki dövlətlər, diplomatlar, səfirlər arasındakı ilişkilər liderlərin ilişkilərinə bağlıdır. Yəni daha öncə də krallar və imperatorlar dost idisə, ölkələr də dost idi. Həm də Türkiyənin çağdaş inkişaf səviyyəsinə çatmalıyıq”, – deyə B.Baketayev bildirib.

Əlavə edək ki, Qırğızıstan Prezidenti S.Caparov iyunun 9-11-də Türkiyəyə səfər etmiş, burada Cümhurbaşqanı R.T.Erdoğan başda olmaqla ölkənin rəsmiləri ilə geniş müzakirələr keçirmişdi. Bu səfər istər Qırğızıstan və Türkiyə, istərsə də bütün türk dünyasında maraqla izlənilməkdəydi. Müşahidəçilər S.Caparovun səfərinin iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açdığına inanmaqdadır.

Mission News Theme by Compete Themes.