Press "Enter" to skip to content

Terrorda şübhəli bilinən 26 Ermənistan vətəndaşının işi məhkəmədə

Bayraqdar.info – İyunun 10-da Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı yayılıb.

Məlumatda bildirilir ki, Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib.

Dövlət Təhlükəsizliyi Xidməti 13 dekabr 2020-ci ildə anti-terror əməliyyatı keçirərək Ermənistan vətəndaşları olan silahlı dəstə üzvlərini tərksilah edərək həbs edib. DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq pozublar. Onlar mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar.

13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilat, habelə, ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər. Onlar insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması ilə nəticələnən partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Birgə məlumatda deyilir ki, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmqla 26 təqsirləndirilən şəxs AR CM-nin bir neçə maddəsi ilə ittiham edilir: 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə).

Mission News Theme by Compete Themes.