Bayraqdar.info – “Qarabağ bölgəsinin azad edilməsi ölkə turizmi üçün yeni fürsətlər yaradıb.”
Bunu 10-12 iyunda Türkiyənin Bodrum şəhərində keçirilən Qlobal Turizm Forumunda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zengstşmid deyib.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, o, işğaldan azad edilmiş torpaqların turizm potensialı haqda danışıb, Qarabağda turizm infrastrukturunun qurulmasının önəmini qeyd edib. Eyni zamanda Qarabağın qlobal səviyyədə rəqabətə davamlı və turistlər üçün cəlbedici mənzilə çevriləcəyini bildirib.
F.Zengstşmid çıxışında, həmçinin ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı cari vəziyyət, vaksinasiya prosesinə də toxunub. O, turizmin bərpa planı, Formula-1 və Avro-2020 futbol oyunları kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı da danışıb.
Forum çərçivəsində F.Zengstşmidlə müxtəlif ölkələrdən olan turizm rəsmiləri və mütəxəssisləri arasında ikitərəfli görüşlər keçirilib.
Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslanla görüşdə F.Zengstşmid Avro-2020 oyunları zamanı Bakıda çıxış edəcək Türkiyə millisinə uğurlar arzulayıb.
Qeyd edək ki, Qlobal Turizm Forumu baş ofisi Londonda yerləşən Dünya Turizm Forumu İnstitutunun təşəbbüsü ilə hər il keçirilir. Forum turizm sənayesi üzrə beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.