Bayraqdar.info – Ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Səfəralı oğlu Nəsibovun ailəsi sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin olunub.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Abşeron rayonunda yeni yaşayış binalarından alınmış iki otaqlı mənzilin sənədləri şəhidin atası Səfəralı Nəsibova təqdim edilib. Sənədlər Sosial Xidmətlər Agentliyinin rəsmisi və sosial tərəfdaş olan iş adamı Müşviq Həsənovun iştirakı ilə təqdim olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu il dövlət hesabına 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu ilin planı üzrə artıq beş yüz mənzil sahiblərinə təqdim edilib.
Məlumatda deyilir ki, özəl sektorun nümayəndələri də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının genişlənməsinə öz töhfələrini verir. Şəhid Asəf Nəsibovun ailəsinə bu gün yeni mənzil təqdim edilməsi də bunun daha bir nümunəsidir.
Səfəralı Nəsibov dövlət başçısının şəhid ailələrinə yüksək diqqət və qayğısından razılığını ifadə edib. O, bu gün yeni mənzillə təmin olunduğuna görə təşəkkürünü bildirib.