Bayraqdar.info – İyunun 11-də başlayacaq və bir ay davam edəcək Avro-2020-nin 4 oyunu Azərbaycanda – Bakı Olimpiya Stadionunda keçiriləcək.
Burada A qrupunda mübarizə aparan Uels, İsveçrə və qardaş Türkiyənin milli komandaları arasında 3 görüş və 1/4 final mərhələsinin 1 qarşılaşması keçiriləcək.
Xatırladaq ki, ötən il keçirilməsi nəzərdə tutulan idman yarışı pandemiya səbəbindən bu il keçirilir.
Dünyanın müxtəlif ölkələrindən minlərlə futbolsevərin gözü məhz Azərbaycanda olacaq.
Bəs, Bakı bu yarışa necə hazırlaşıb? Yaxud, şəhərdə ovqat necədir?
Elə biz də bunu öyrənmək üçün paytaxtın mərkəzi küçələrinə çıxdıq.
Bakının mərkəzi küçəsi sayılan “Fəvvarələr Meydanı”nda çempionatda iştirak edəcək ölkələrin bayraqalarını əks etdirən köynəklərin asılması şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanırdı.
Şəhərin müxtəlif yerlərində, mərkəzi küçələrdə, dairəvi yollarda və parklarda çempionatı əks etdirən böyük həcmli furbol topları qoyulub. Topların üzərində Azərbaycanda keçiriləcək çempionatda iştirak edəcək ölkələrin bayraqları təsvir edilib.
Bundan başqa, iyunun 10-da Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda personajların keçidi olub. Mərasimdə Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak ediblər.
Keçidin məqsədi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarının təbliğidir. İyunun 8-dən 20-dək davam edəcək mərasim hər gün Bakının müxtəlif məntəqələrində təşkil olunacaq.
Keçid həm piyada, həm də avtobuslarla gəzintidən ibarətdir. Mərasimdə ümumilikdə 47 personaj iştirak edir. Bakıdakı oyunlarda iştirak edəcək hər ölkə 4 musiqiçi, 2 maskot, 3 rəqqas və s. ilə təmsil olunur.
Bakı Olimpiya Stadionu çempionata tam hazırdır
Bakı Olimpiya Stadionunda 69 min azarkeş cəmləşə bilər. Amma pandemiya qaydaları nəzərə alınaraq yerlərin yalnız 50 faizi tutula biləcək.
Yəni, azarkeşlər bir oturacaqdan bir əyləşəcəklər. Azarkeşlər qismində isə burada oynayacaq ölkələrdən gələnlər dəvət ediləcək.
Artıq çempionatın başlanılmasına sayılı saatlar qalır. Bakı Olimpiya Stadionunda ot örtüyü ideal vəziyyətə gətirilib. Stadionda giriş-çıxış məntəqələri stasionar qaydada quraşdırılıb.
Çempionatın mətbuat konfransı onlayn formada təşkil ediləcək. Bu, futbolçuların COVID-19-a yoluxmasının qarşısını almaq üçündür.
Məlum olduğu kimi, oyunçular bir ölkədən digər ölkəyə keçirlər və hər ölkəyə keçərkən COVID-19 testi verməlidirlər. Onların COVID-19-a yoluxma ehtimalını azaltmaq üçün kənar şəxslərlə bütün əlaqələri minimuma endirilir. Buna görə də mətbuat konfransları onlayn şəkildə keçiriləcək.
Oyunları Fransalı hakimlər idarə edəcək
Fransadan olan hakimlər briqadası indiyədək Bakıdakı futbol qarşılaşmalarında hakimlik etməsə də, ölkəmizin futbolçularının iştirak etdiyi oyunları idarə edib.
Avro-2020-nin ilk oyununu daha əvvəl Azərbaycan yığmasının iştirakı ilə keçirilən qarşılaşmada hakim olmuş hakimlər briqadası idarə edəcək.
UEFA-nın qərarına əsasən, Avro-2020-nin qrup mərhələsində A qrupu çərçivəsində iyunun 12-də Bakıda yerli vaxtla saat 17.00-da keçiriləcək Uels-İsveçrə oyununu Fransadan olan hakimlər briqadası idarə edəcək. Hakimlərə Kleman Türpen başçılıq edəcək.
Ona yan xətt hakimləri Nikolya Dano və Siril Grengor kömək edəcək. VAR (videotəkrar sistemi) işinə Fransua Letesye rəhbərlik edəcək. Bu işdə ona Jerom Brisar, Benjamen Pajes, habelə polşalı Pavel Gil yardımçı olacaq. Serbiyalı Srdcan Yovanoviç isə ehtiyat hakim təyin olunub.
Maraqlıdır ki, Fransa hakimlər briqadası – K.Türpen, yan xətt hakimləri N.Dano və S.Grengoru adları Azərbaycan futbolunun azarkeşlərinə yaxşı tanışdır. Onlar 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya və Azərbaycan milliləri arasında oyunda hakimlik ediblər. Həmin vaxt Belfastda Azərbaycan millisi 0:4 hesabı ilə meydan sahiblərinə uduzub.
İsveçrə-Uels oyununda VAR hakimi F.Letesye də azərbaycanlı futbol azarkeşlərinə tanışdır. Belə ki, o, 2018/19-cu il mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Sporting”–“Qarabağ” oyununun baş hakimi olub. Həmin vaxt Qurban Qurbanovun yetirmələri 0:2 hesabı ilə məğlub olub.
Çempionatda balacalar da unudulmayıb
Çempionatda balacalar da yaddan çıxmayıb. AFFA-nümayəndəsi iyunun 10-da bir neçə uşaq təşkilatına futbol çempionatının biletlərini verib. “Qayğı – Sağlam Nəsil Naminə” İB-nin daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” AİB, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVID-19 tibb işçilərinə (onların övladları) biletlər paylanılıb.
Biletlər iyunun 12-də keçiriləcək Uels–İsveçrə oyununa aiddir.
Biletlər və yarışlar
Çempionatın biletləri yalnız Azərbaycanda oynayacaq ölkələrin azarkeşlərinə satılacaq. Bu, Uels, İsveçrə və Türkiyə milli komandalarına aiddir. Türkiyə, İsveçrə və Böyük Britaniya vətəndaşları rahat şəkildə bilet əldə edib oyunları izləyə bilərlər. Azarkeşlərin daşınma prosesini Bakı Nəqliyyat Agentliyinin ayırdığı nəqliyyat pulsuz həyata keçirəcək.
İlk yarış iyunun 12-də saat 17:00-da Olimpiya Stadionunda keçiriləcək. Uels İsveçrəylə qarşılaşacaq. Biletlərin qiyməti 60 manatdan başlayır və 250 manata qədərdir.
İkinci yarış iyunun 16-da saat 20:00-da Türkiyə millisi ilə Uels arasında keçiriləcək. Yarış saat 22:00-da bitəcək.
Üçüncü yarış isə iyunun 20-də saat 20:00-da İsveçrə komandası ilə Türkiyə millisi arasında baş tutacaq.
Dördüncü – dörddə bir final yarışması iyulun 3-də saat 20:00-də başlayacaq.
Çempionatın tarixi
UEFA Avropa çempionatı UEFA üzvü olan milli komandalar arasında hər 4 ildən bir keçirilən turnirdir. İlk turnir 1960-cı ildə təşkil olunub. Turnir ilk olaraq UEFA Millətlər Kuboku adlanıb. 1968-ci ildən etibarən isə Avropa çempionatı adı ilə keçirilir.
İlk turnir Fransada təşkil olunub və finalda Yuqoslaviya millisini 2:1 hesabı ilə məğlub edən SSRİ komandası çempion adını qazanıb.
Turnir 2021-ci ildə 60 illik yubileyni qeyd edəcək və Avropanın 11 müxtəlif şəhərində 16-cı dəfə təşkil olunacaq.
Avropa çempionatında ən çox çempion olan milli komandalar hərəyə 3 dəfə olmaqla İspaniya və Almaniyadır.
Avropa çempionatına ən çox ev sahibliyi edən ölkə Fransadır. Qitənin ən güclüsünün adına 3 dəfə bu ölkədə aydınlıq gəlib.
Avropa çempionatda indiyədək 10 fərqli milli komanda çempionluğa yiyələnib.
İyunun 11-dən iyulun 11-dək keçiriləcək Avropa çempionatında 24 milli komanda çempionluq uğrunda mübarizə aparacaq. Qeyd etdiyimiz kimi, Bakı çempionatın 3 qrup oyununa və 1/4 final mərhələsinin 1 qarşılaşmasına ev sahibliyi edəcək.
Qeyd: Yazıda AFFA-nın Avro-2020 materiallarından istifadə edilib.