Bayraqdar.info – İyunun 9-da Təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə “Cisco” şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin Azərbaycan üzrə Qlobal İnnovasiya direktoru Ramil Eyyubov və ərazi üzrə məsul meneceri Fərid Zeynalov iştirak edib.
Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, görüşdə Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə qonaqlara məlumat verilib. “Cisco” şirkətinin təqdim etdiyi yollar vasitəsilə təhsil müəssisələrində IP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyini və süzgəclənməsinin keyfiyyətini gücləndirilib.
Qeyd edilib ki, hazırda Azərbaycanda “Cisco” şəbəkə akademiyalarının sayı 13-ə çatdırılıb.
Ötən tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində akademiya açılıb.
“Cisco” şirkətinin təhsil məzmunu tədris planına inteqrasiya edilib və peşə təhsili müəssisələrinin təhsil verənləri üçün ixtisasartırma tədbirləri təşkil edilib.
Akademiyalarda İT-nin əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi üzrə kurslar keçirilir.
Həmçinin, kibertəhlükəsizlik istiqamətləri üzrə də təlimlər davam edir.
Bununla yanaşı, ötən tədris ilində şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhərindəki 46 nömrəli tam orta məktəbdə “Connected School” pilot layihəsinin icrasına başlanılıb. Layihə əsasında seçilmiş pilot məktəb “Cisco” avadanlıqları və proqram təminatı ilə təmin edilib. Təhsil müəssisəsinin şagird, müəllim və inzibati idarəetmə heyəti üçün təlimlər təşkil olunub.
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıb.
Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi nəzərdə tutulub. Eyni zamanda, təhlükəsiz internet və rəqəmsal məzmun üzrə işlər də aparılacaq.