Press "Enter" to skip to content

Prezident qanlı hadisələrin 11-ci ildönümüylə bağlı müraciət yayıb

Prezident Sadır Caparov

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov 2010-cu ilin iyununda ölkənin Oş və Cəlalabad vilayətlərində baş vermiş etnik qarşıdurmanın 11 illiyi münasibətilə müraciət yayıb.

Bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından daxil olan müraciətdə o hadisələr zamanı həlak olanların xatirəsi yad edilir, itkin düşənlərlə bağlı qayğı ifadə edilir.

Prezident qeyd edir ki, iki qardaş xalq arasında qarşıdurmalara səbəb olmuş bənzər faciə bir daha yaşanmayacaq.

Müdrik xalqa təşəkkürünü ifadə edən Prezident bildirir ki, beynəlxalq ictimaiyyət də o çətin günlərdə Qırğızıstan xalqının yanında olub.

S.Caparov öz müraciətində iyun hadisələrini böyük dərs kimi qiymətləndirir. O, bu hadisələrin əcdadlardan miras qalmış Qırğızıstanın gələcəyi naminə xalqın birliyini və həmrəyliyini möhkəmləndirməyin zəruri olduğunu göstərdiyini deyir.

Xoşbəxtliyi dostluqda gördüyünü deyən Prezident əlavə edib ki, “biz vahid bir xalq və ölkə kimi gələcəyə köklənməli, birliyimizi möhkəmləndirməliyik”.

“Qarşılıqlı hörmət, qarşılıqlı yardım və qarşılıqlı etimad hesabına böyük uğurlara imza atırıq”, – deyə o, əlavə edib.

S.Caparov daha sonra qeyd edir ki, Oş və Cəlalabad çoxmillətli vilayətlərdir. Bu etnik rəngarənglik ölkənin zənginliyidir. Hazırda həmin vilayətlərdə 80-dən artıq etnos yaşayır. Və onların hər birisi Qırğızıstanın inkişafına özünəməxsus töhfə verir.

“Biz dostsevər, əməksevər və qonaqsevər xalqı olan açıq ölkəyik. Öz inkişafımızda bölgə ölkələri ilə dostluğu möhkəmləndirməyə çalışırıq. Eyni zamanda bütün dünya ölkələrilə qarşılıqlı faydalı işbirliyini möhkəmləndiririk”, – deyə S.Caparov əlavə edib.

Prezident sonda bir daha həlak olanlara başsağlığını ifadə edib, itkin düşənlərə görə üzüntüsünü dilə gətirib.

Qeyd edək ki, 2010-cu il mayın 19-da Oş və Cəlalabad bölgələrində yerli etnik özbəklərlə qırğızlar arasında qanlı qaşıdurmalar başlamışdı. Bu qarşıdurmalar iyunun 10-da zirvəsinə çatmış, əsasən də özbəklər olmaqla 420 nəfər həlak olmuşdu. Qonşu Özbəkistan özbəklərin xilas olması üçün öz sərhədini açaraq qaçqınları qəbul edirdi. Ən azı 80 min insan hadisələr nəticəsində didərgin düşmüşdü. Belə bir durumda iyunun 12-də o dövrün Prezidenti Roza Otunbayeva bölgədə fövqəladə vəziyyət elan etmişdi. Ümumiyyətlə isə bu bölgədə etnik qarşıdurmalar adi haldır. Çox zaman da üçüncü tərəflərin qızışdırması sonucu baş verən hadisələrdən hər iki tərəf əziyyət çəkir, qardaş qanı axır.

Mission News Theme by Compete Themes.