Son yeniləmə: 10 İyun 2021 17:09
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyaya – “Məşğulluq marafonu”na başlanılıb. Marafonun keçirilməsində məqsəd işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqidir.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, bu barədə bu gün keçirilən mətbuat konfransında nazir müavini Anar Əliyev bildirib.
Bildirilib ki, Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, tədbirlər postmüharibə dövründə artıq 23 mindən çox şəxsi əhatə edib. Bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır. Son aylarda bu kateqoriyalardan olan 6 min 400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış boş iş yerlərini göndərə bilər. Həmin yerlər şəhidlərin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxtaran şəhid ailəsi üzvləri və qazilərə həmin yerlər üzrə göndərişlər veriləcək.
“Məşğulluq marafonu”na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.