Bayraqdar.info – ABŞ-la Azərbaycan arasında iqtisadi, ticari, sənaye və s. sahələrdə tərəfdaşlıq inkişaf edir. İkitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşündə bildirilib.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. “Yaşıl iqtisadiyyat” və bərpa olunan enerji layihələrinə önəm verildiyi qeyd edilib.
İqtisadiyyat naziri Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib. Dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yaradıldığını bildirib.
Filip Riker regionda dayanıqlı sülhün bərqərar olmasının və regional inkişafın önəmini vurğulayıb. ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda marağını ifadə edib.
Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticari, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.