Bir daha bu mövzuya toxunmaq istərdik.
Qlobal xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də Azərbaycan və erməni dillərində verilir.
Ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin (Google, Apple, Yandex, OpenStreetMap və s.) söykənəcəyi və istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib, koordinasiya məsələsi həll edilib.
Problemin həlli istiqamətində konkret hansı addılmar atılıb?
1. Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib;
2. Ekologia və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” dövlət şirkəti rəqəmsal xəritələri və datanı hazırlayıb;
3. Coğrafi adların elektron bazası, coğrafi adların transliterasiyası və düzgün yazılışı AMEA-nın dilçilik və coğrafiya üzrə qurumları tərəfindən hazırlanıb, NK-nın Qaydaları təsdiqlənib;
4. ETSN və NRYTN MHM coğrafi adlarla bağlı rəqəmsal datanı, 11 adda açıq coğrafi məlumatları NRYTN-nin Açıq Məlumat Portalına – OPENDATA.az-a yerləşdirib, maraqlı tərəflər və qlobal xəritə şirkətləri üçün API servislər hazırlanıb.
Qlobal xəritə şirkətlərinin coğrafi adlarla bağlı milli datamıza istinadı necə təşkil olunub?
NK-nın yuxarıda adı çəkilən Sərəncamına uyğun olaraq qlobal resurslarda milli coğrafi adlarımızın təhrif olunmasının qarşısının alınması istiqamətində Xarici İşlər Nazirliyi (XİN) əlaqəli qurumlarla birgə addımlar atmalıydı.
Lakin göründüyü kimin bu istiqamətdə rəqəmsal milli data hazır olsa da onun tətbiqi istiqamətində atılan addımlar hələlik yetərli olmayıb.
Bildiyimiz qədər hazırda XİN bu istiqamətdə işləri davam etdirir.
XİN qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir.
Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir.
Düşünürük ki, internet ictimaiyyətinin, internet istifadəçilərinin də təhrif olunan coğrafi adlarla, onların iki dildə yazılmasının qarşının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunan dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı.
Düşünürük ki, işğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi, onların düzgün yazılışı, Azərbaycan dilinin qlobal müstəvidə düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var.