Press "Enter" to skip to content

Fars rejimi “Dədə Qorqud” kitabının çapını yasaqlayıb

Bayraqdar.info – Sosial mediada yayılan məlumata görə, İranda “Dədə Qorqud” kitabının çapına qadağa qoyulub.

Bir qrup panfarsist və “azəri”lər dəstəsinə bağlı şəxslər “Dədə Qorqud” kitabının İranda çap edilməsinə qarşı çıxıb.

İran İslami Mədəniyyət və Maarif Nazirliyinə məktub yazan fars şovinistləri “Dədə Qorqud” dastanının Orta Asiya türklərinə aid olduğunu iddia edib. Onlar bildirib ki, bu eposun Azərbaycanla bağlılığı yoxdur. Şovinistlər qurumdan “Dədə Qorqud” kitabının İranda çapının yasaqlanmasını tələb ediblər.

“Dədə Qorqud” dastanı araşdırmacısı və naşir Nasir Nəssaci özünün Twitter hesabında məsələyə toxunub: “Bu barədə gəzən söz-söhbətlər təsdiqini tapdı. “Dədə Qorqud” dastanının Azərbaycan türklərinə aid olmasına dair nəzəriyyəni gücləndirən tədqiqat kitabımı İslami Mədəniyyət və Maarif Nazirliyinə verdikdən 24 saat sonra mənə bu kitabın nəşrinə icazə verilmədiyini bildirdilər”.

İranda Azərbaycan türklərinə qarşı bu cür münasibət yeni deyil. Sadəcə olaraq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış bir əsərin hətta farsca variantının nəşrinə qadağa qoyulması təəccüb doğurur.

Qeyd edək ki, İran Mədəniyyət və İslami Maarif Nazirliyi bu saata qədər iddia ilə bağlı hər hansı açıqlama verməyib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.