Press "Enter" to skip to content

Daha bir xəstəxana rəhbərliyi haqqında cinayət işi: ölü canlar

Son yeniləmə: 10 İyun 2021 16:31

Bayraqdar.info – 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Məlumatı iyunun 10-da Baş Prokurorluq verib.

Məlumatda deyilir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Z.İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girdiyi məlum olub.

Onlar 2015-ci ildən xəstəxanada işləyən tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradıblar. İşə gəlməyən tibb işçilərinin (ölü canlar) əmək haqqı kartlarını özündə saxlamaqla, ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölüblər.

Bundan başqa, Z.İsmayılovanın 13 aprel 2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayəti törətdiyi aşkar edilib. Eyni üsulla onlar həmin işçilərin 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölüblər.

İstintaq zamanı vurulmuş maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Mission News Theme by Compete Themes.