Press "Enter" to skip to content

Uyğur Tribunalı qırmızı Çinin yalanlarına cavab verdi

Qırmızı Çin 3 milyonadək uyğuru düşərgələrdə tutur

Bayraqdar.info – London mərkəzli Uyğur Tribunalı Çinin Doğu Türkistan məsələlərinə həsr ediliş 9 iyun tarixli mətbuat konfransına cavab bəyanatı yayımlayıb.

Bəyanat bayraqdar.info-ya Uyğur Tribunalından daxil olub.

Bəyanatda Uyğur Tribunalı haqqında, eləcə də öncəki şərhlərin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baxacağı məsələlər arasında olduğu bildirilir. Tribunal həmişə aydın ifadə edib ki, əgər uyğur məsələsinə beynəlxalq məhkəmədə baxılma imkanı olsaydı onun qurulmasına gərək qalmazdı.

Günümüzdə Çin soyqırımı iddialarıyla bağlı məsuliyyətdən kənar qalır. Çünki bu dövlət bununla bağlı Konvensiyaya şərtlərlə qoşulub və BCM-də soyqırıma görə cavabdeh kimi cəlb edilə bilmir. Çin rahat bir şəkildə və dərhal mövqeyini dəyişib şərtləri rədd edə bilər. Belə bir durumda isə onu başqa bir ölkə məhkəməyə verə bilər.

Uyğur Tribunalının əsas qayğısı ifadə vermiş şahidlərin can güvənliyidir. Eyni zamanda onların Çinin mətbuat konfransında iştirak etmiş yaxınlarının təhlükəsizliyi əsas məsələdir.

Tribunal şahidlərin yaxınlarını və qonşularını bu ilin sentyabrında keçiriləcək dinləmələrə dəvət edir. “Biz Çinin onların Böyük Britaniyaya sərbəst səfər etməsini təmin etməyə çağırırıq”, – deyə bildirilir.

Tribunal tərəfsiz şəkildə həqiqəti araşdırmağa davam edəcək: “Bu baxımdan bir daha istərdik ki, Çin Tribunalın işinə yarayacaq dəlilləri təqdim etsin”.

Qeyd edək ki, iyunun 4-7-də Londonda keçirilmiş Uyğur Tribunalında Çində zülm görmüş uyğurların ifadələri dinlənilib. Bu isə dünyada çox ciddi əks-sədaya səbəb olmaqla Çini rahatsız edib.

Çin dövləti də öz növbəsində cavab tədbiri kimi Uyğur Tribunalında ifadə vermiş şahidlərin qohumları və dostlarının iştirakıyla mətbuat konfransı keçirərək özünü təmizə çıxarmağa çalışıb. Associated Pressin yaydığı xəbərə görə, iyunun 9-da keçirilmiş mətbuat konfransında çıxış edənlər Uyğur Tribunalında səslənən fikirlərin yalan olduğunu iddia edib.

Əlavə edək ki, 20 milyondan çox uyğurun yaşadığı Doğu Türkistanda uyğurlar, qazaxlar və digər türk xalqları davamlı basqı altında tutulur. Çin rejimi qadınları qısırlaşdırır, kişilərin böyük əksəriyyətini (bəzi məlumatlara görə 3 milyon nəfər) xüsusi rejimli düşərgələrdə tutur. Dünyanın gözü qarşısında baş verən bu olaylar hələ ki, sadəcə qınanmaqdan başqa bir reaksiya doğurmur.

Mission News Theme by Compete Themes.