Bayraqdar.info – İyunun 9-da Baş nazirin müavini Şahin Mustafayev İranın ölkəmizdə səfərdə olan Yollar və Şəhərsalma naziri Məhəmməd Eslamini qəbul edib.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.
İranlı nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və qələbə münasibəti ilə təbriklərini ifadə edib.
Görüşdə Azərbaycan-İran əlaqələrinin dövlət başçılarının siyasi iradəsi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
“Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycan ilə İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq”.