Press "Enter" to skip to content

“Sənə and içirik, Şuşa qalası!” adlı tədbir – Şuşada

Sənə and içirik, Şuşa qalası!
Analar qaralar geyməyəcəkdir!
Atalar qəddini əyməyəcəkdir!
Şuşa qalasına sancılan bayraq
Əsrlər ötsə də enməyəcəkdir!

Bayraqdar.info – Bu sözlər iyunun 9-da Şuşa Qalasının qarşısında Azərbaycan hərbiçilərinin dilindən birkəm (xorla) səslənib.

Müdafiə Nazirliyi Şuşa şəhərindəki hərbi hissədə “Sənə and içirik, Şuşa qalası!” adlı vətənpərvərlik tədbiri keçirib. Tədbirdə başı bəlalar çəkmiş qala şəhərimizin qəhrəman müdafiəçiləri Vətən torpağının bir qarışını da belə düşmənə güzəştə getməyəcəklərini bir daha bəyan ediblər.

Xəbər Müdafiə Nazirliyindən verilib.

Tədbirdə Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Şuşa şəhərinin zəngin tarixi ilə bağlı məlumat verib.

H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin təqdim etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya igid döyüşçülərimizin böyük marağına səbəb olub.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov Şuşa qalasına and içib.

Tədbirdə Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, “Rəşadət” ordenli zabit Vilayət Quliyev də danışıb. O, bildirib ki, şəhid mayor Elbrus Bayramovun, kapitan Surxay Noçuyevin və kapitan Ceyhun Həsənovun qəhrəmanlıqları heç vaxt unudulmayacaq: “Bu gün fəxr edirik ki, sıralarımızda olan neçə-neçə hərbi qulluqçu “Zəfər”, “Qarabağ” və digər döyüş orden-medallarına layiq görülüb”.

Sözünün sonunda V.Quliyev də Şuşa qalasına and içib: “And içirik ki, şəhid silahdaşlarımızın qanı çilənən müqəddəs torpaqlarımıza bir daha yağı ayağı dəyməyəcəkdir!”.

Birinci Qarabağ müharibəsinin qazisi, illərlə Şuşa həsrəti ilə yaşasa da Şuşanı görmədən dünyasını dəyişən Aqil Ağayevin oğlu Vüsal Ağayevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. O qeyd edib ki, altı aylığında ana bətnində doğma şəhərini tərk etməyə məcbur edilib. Onun:

“Düşmən əgər keçər isə səddimi,
Öldürülsəm, nə kədər, nə qəm olsun.
Şəhid deyib basdırmayın torpağa,
Qoy cəsədim qurda-quşa yem olsun!” misraları tədbirə yeni bir rəng qatıb.

Əməkdar artist Cahangir Qurbanov, Günay Qasımova, Mətləb Ağayev, Elçin Məmmədov, Nigar Rəhimova və Leyla Əliyeva vətənpərvərlik mahnıları ifa ediblər. Səslənən musiqilərdə Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, qəhrəman Azərbaycan əsgəri, Qarabağımız və mədəniyyət paytaxtımız Şuşanın gözəllikləri tərənnüm edilib.

Mission News Theme by Compete Themes.