Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən iyunun 10-11-də “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.
Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Həftə sonları ictimai nəqliyyatın işləməməsi nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün bu dəfəki “Kənddən şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.
Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar regionlarda fəaliyyət göstərən və əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər.
Bu dəfə 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları satılacaq.
Nazirlik qeyd edir ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək.
Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və s.) da təmin olunacaqlar.
Alış-verişə gələcək alıcılar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar.
Həmçinin, təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və sosial məsafənin qorunmasına ciddi nəzarət olunacaq.
“Kənddən şəhərə” yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı);
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.