Press "Enter" to skip to content

Karateçilərimiz Tokio Olimpiadasının turnirində iştirak edəcək

Bayraqdar.info – İyunun 11-13-də Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq.

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda iştirak edəcəklər.

Xəbər Azərbaycan Milli Karate Federasiyasından verilib.

Milli komanda artıq Parisdədir. 6 idmançıdan ibarət heyətə Federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərlik edir. Həmçinin, vitse-prezident Rəhman Hətəmov, kişilərin və qadınların baş məşqçiləri Qurban Tağıyev, Denis Morozov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da səfərdədirlər.

Kumite yarışlarında Firdovsi Fərzəliyev (67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) tatami üzərinə çıxacaq. Kata üzrə isə Roman Heydərov və Neda Rezai mübarizə aparacaq.

Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyası (WKF) tərəfindən xüsusi dəvətlə yarışda hakimlik edəcək. O, Tokio Olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biridir.

Federasiyadan qeyd edilib ki, Azərbaycan hələ ki Tokio Olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb.
“Tokio 2020”nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (75 kq) 3 rəqibi də artıq məlumdur.

Qeyd edək ki, Olimpiadada 80 karateçi yarışacaq. Onlardan 60 nəfəri kumite, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. 40 karateçidən başqa daha 24 idmançı iyunun 11-13-də Parisdə keçiriləcək Olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.

12 əlavə Olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə Olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək.

Tokio Olimpiadasının karate yarışları avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək.

Mission News Theme by Compete Themes.