Press "Enter" to skip to content

Daha bir qrup jurnalist beynəlxalq media vəsiqəsinə sahib oldu

Bayraqdar.info – Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) “Beynəlxalq media vəsiqəsi”ni (International Press Card) təqdim edib.

Bu haqda bayraqdar.info-ya xəbər JuHİ-dən daxil olub.

Xəbərdə deyilir ki, təqdimat BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təşkil edilib.

Qeyd olunur ki, vəsiqə jurnalistlər Məğrur Əliyev (Əli Polad), Ümidə Həsənova, Cəsarət Hüseynzadə, Əminə Yusifqızı, Fuad Babayev, Emin Həsənov və Anar Yusifzadəyə verilib.

“JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Həmçinin, beynəlxalq təşkilatlarda akkreditasiya oluna bilir”, – deyə xəbərdə bildirilir.

M.Ələsgərli daha sonra əlavə edib: “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir”.

Xəbərdə bildirilir ki, JuHİ sədri riskli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərilən yardıma risk yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımların daxil olduğunu deyib: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risklərdən yayınmaq üçün istiqamət verir”.

JuHİ məlumat üçün onu da əlavə edir ki, vəsiqə fərdi müraciətlə deyil, ölkə üzrə BJF-nin yerli üzv təşkilatının zəmanəti əsasında verilir.

Vəsiqə,

• Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərən, peşəkar qaydalarını mənimsəyən;
• BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayğılı yanaşan;
• BJF-nin yerli təmsilçi təşkilatına üzv olan, onunla sıx əməkdaşlıq edən jurnalistlərə verilə bilər.

Mission News Theme by Compete Themes.