Son yeniləmə: 9 İyun 2021 17:53
Bayraqdar.info – 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri keçiriləcək.
Məlumat Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Məlumatda deyilir ki, hər iki sərgi koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk tədbirdir.
Sərgi iştirakçıları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün yenidən bir araya gələcəklər.
“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. “Bu il Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Əfqanıstan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İsveç, İtaliya və digər ölkələr bu sərgidə iştirak edəcək. Ümumulikdə 27 ölkədən 248 şirkət bu tədbirdə məhsul sərgiləyəcək. Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan yeniliklər təqdim ediləcək. Həmçinin, bəzi iştirakçıların Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır”, – deyə nazirlikdən bildirilib.
Məlumatda qeyd edilir ki, “Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar nümayiş olunacaq.
Sərgi kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yem, baytarlıq avadanlıqlarını əhatə edəcək. Bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, laboratoriya avadanlıqları ilə tanış olmaq mümkün olacaq.
Hər iki sərgi Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir.
Həmçinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AİİTF) tərəfindən dəstəklənir.
3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və “Aqrar İnkişaf Könüllüləri” qurumunun könüllüləri iştirak edəcək.
Sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma – ikitərəfli görüşlər (B2B) olacaq.