Press "Enter" to skip to content

ABŞ Azərbaycan-Ermənistan gərginliyinin aradan qaldırılmasında maraqlıdır

Bayraqdar.info – Azərbaycan güclü tərəfdaş ölkədir. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Ölkəmizə səfəri çərçivəsində iyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramovla görüşən F.Riker ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, o, Azərbaycan Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib.

F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib.

ABŞ rəsmisi Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirib. Eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüfünü ifadə edib.

F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir C.Bayramov isə Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakter daşıdığını vurğulayıb. O, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Nazir münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələrilə bağlı məlumatı bölüşməkdən imtina etməsi barədə danışıb. Həmçinin, Ermənistanın Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və sair barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.