Press "Enter" to skip to content

Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər “ASAN ödəniş”də

Bayraqdar.info – Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, “ASAN ödəniş” sistemi Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilir.

Fonda yardım etmək aşağıdakı qaydada həyata keçirilir: “ASAN ödəniş” sisteminin rəsmi veb-səhifəsi – asanpay.az-a və ya mobil tətbiqə daxil olaraq müvafiq ardıcılıqla “Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu” bölmələri seçilir. Fonda “ASAN ödəniş” sistemi vasitəsilə yardım etmək istəyənlər üçün iki identifikasiya imkanı yaradılıb. Bunlardan biri FİN (şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi), digəri isə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, yaxud VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi). Müvafiq seçim və ödəniş məlumatlarını daxil etdikdən sonra şəxs Qarabağ Dirçəliş Fonduna yardım edə bilər.

Hazırda “ASAN ödəniş” sisteminə ümumilikdə 310-a yaxın qurum inteqrasiya olunub. “ASAN ödəniş” sistemində vətəndaşlara 678-dən çox xidmət göstərilir.

Qeyd edək ki, sistemdə qeydiyyatdan keçmədən də ödənişləri həyata keçirmək mümkündür.

“ASAN ödəniş” sistemi hazırda 10 mindən çox terminal, asanpay.az veb səhifəsi, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərindən yüklənməsi mümkün olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə xidmət göstərir.

Mission News Theme by Compete Themes.