Bayraqdar.info – İyunun 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə bilir.
Məlumat bayraqdar.info-ya Səhiyyə Nazirliyindən daxil olub.
Vətəndaş müraciətlərini nəzərə alaraq xidməti daha əlçatan etmək məqsədilə “Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva, 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında keçirilir. Bundan başqa, “Leyla Medical Center”də, “Caspian International Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da vaksinasiya aparılacaq.
Nazirlik özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun aparılacaq.
18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.