Bayraqdar.info – Hazırda Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının hazırlanması işləri aparılır. Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə də tam uyğunluq təşkil edəcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Qay Rayderlə bugünkü onlayn görüşündə bildirib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial irəliləyişləri, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları diqqətə çatdırıb. Bu sahələrdə BƏT-lə əməkdaşlığın daim genişlənməkdə olduğunu vurğulayıb.
ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumata görə, S.Babayev bildirib ki, ötən dövrdə ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub. Azərbaycan ilə BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunub. Proqram üzrə əməkdaşlıq müstəvisində əmək qanunvericiliyinin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanması və s. istiqamətlərdə birgə işlər aparılıb.
Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası çərçivəsində Azərbaycan Hökuməti 2017-2020-ci illər üçün BƏT-in İdarə Heyətinə üzv seçilib və üzvlük pandemiya səbəbindən 1 il uzadılıb.
S.Babayev Vətən müharibəsi ilə bağlı da Baş direktora məlumat verib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış, aktiv məşğulluq, zəruri kadr potensialı və iqtisadi fəallıq təmin ediləcək. İnnovasiyalara və texnoloji inkişafa üstünlük verilərək həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək.
Q.Rayder BƏT-lə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edib. O, postkonflikt dövründə də əhalinin layiqli məşğulluq imkanlarına çıxış əldə edə bilməsinin, yenidənqurma və sabitlik əldə olunmasının inkişaf üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. BƏT-in beynəlxalq səviyyədə apardığı işlərlə də uyğunluq təşkil edən bu prioritetlərin Layiqli Əmək üzrə yeni Ölkə Proqramında da əksini tapacağına əminliyini bildirib.