Bayraqdar.info – İyunun 9-da Milli Azərbaycan Tarixi Muzeyində muzey nəşrlərinin təqdimatı keçiriləcək.
Bu barədə Bayraqdar.info-ya Muzeydən məlumat verilib.
Bildirilib ki, Muzey eksponatların toplanması və təbliği ilə yanaşı elmi-kütləvi nəşrlərə də üstünlük verir. 2020-ci ildə Muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb.
Arxeologiya, etnoqrafiya, numizmatika, sənədli mənbələr, silahlar və bayraqlar, köməkçi tarixi fənn materialları, xüsusi, hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında kitablar çap edilib.
Muzey “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomlarını nəşr etdirib.
Çap olunan kitablardan “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərinin tarixindən” kitabları maraqla qarşılanıb.
“Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Kişi milli geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları da nəşr edilib.
Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu yeni nəşrlər Milli Azərbaycan Tarixi Muzeyi Elmi Şurasının qərarı ilə çap olunub.