Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin səfiri Cahit Bağcı ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Mikayıl Cabbarov səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycanda fəaliyyətinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.
İki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafından danışan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verəcəkdir.
Bildirilib ki, ölkələr arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.
Görüşdə həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarından bəhs edilib. Azərbaycanın bu prosesdə Türkiyə şirkətlərini dəstəklədiyi diqqətə çatdırılıb.
Azərbaycanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edən Cahit Bağcı ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb. Səfir diplomatik fəaliyyəti dövründə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.
Tərəflər əməkdaşlığın inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Nazir M.Cabbarov səfirlə görüşü haqqında sosial media paylaşımında da görüləcək birgə işlərdən bəhs edib.
#Türkiyənin Azərbaycandakı səfiri @CahitBagci ilə görüşümüzdə iki qardaş ölkə arasında #iqtisadi əməkdaşlığımızın genişləndirilməsi, qarşılıqlı #ticarətin artırılması üçün birgə görəcəyimiz işlər barədə fikir mübadiləsi apardıq.#TekMilletİkiDevlet #İqtisadiyyat #EconomyAz pic.twitter.com/N9cbt55bXf
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 7, 2021
Türkiyə səfirliyi də öz növbəsində sosial media hesabında bu görüşlə bağlı paylaşıma yer verib.
Büyükelçi Doç.Dr. Cahit Bağcı, bugün Azerbaycan Ekonomi Bakanı Sayın Mikayıl Cabbarov'u ziyaret etmiştir. Görüşmede, ekonomik işbirliğimizin geliştirilmesi ve ticaret hacmimizin artırılmasına yönelik görüş alışverişinde bulunulmuştur. pic.twitter.com/cpI7DyoMzT
— Türkiye in Azerbaijan (@TC_BakuBE) June 7, 2021