Press "Enter" to skip to content

Əfqanıstanlı diplomatlar üçün “Xarici siyasət proqramı” başlayıb

Son yeniləmə: 8 İyun 2021 19:41

Bayraqdar.info – Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün nəzərdə tutulmuş “Xarici siyasət proqramı” başlayıb.

Xarici İşlər Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, kurs iki həftə davam edəcək.

Məqsəd gənc diplomatlara fəaliyyət göstərdikləri sahələr üzrə nəzəri və praktiki biliklərin aşılanması, onlarda idarəçilik və liderlik qabiliyyətini yüksəltməklə ümumilikdə insan kapitalının inkişaf etdirilməsindən ibarətdir.

Kurs dövründə iştirakçılar beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə edəcəklər. Onlara bu bilikləri ADA Universitetinin peşəkar professor-müəllim heyəti, eləcə də dövlət və hökumət qurumlarının təcrübəli mütəxəssisləri verəcək. Diplomatlar həmçinin 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurlar, o cümlədən digər məqamlar barədə geniş məlumat əldə edəcəklər. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlarla təmin olunacaqlar.

Məlumat üçün bildirmək istərdik ki, “Xarici siyasət proqramı”nı 2018-ci ildən AIDA ADA Universiteti ilə birgə təşkil edir. İndiyədək 20-dən artıq Asiya və Afrika ölkəsindən 70-ə yaxın diplomat müxtəlif ixtisaslar üzrə biliklər əldə edib. Onlar hazırda öz ölkələrinin dayanıqlı inkişafında yaxından iştirak etməklə yanaşı vətənlərilə Azərbaycan arasında da etibarlı körpü rolunu oynayırlar.

Mission News Theme by Compete Themes.