Son yeniləmə: 7 İyun 2021 17:28
Bayraqdar.info – Ümumdünya Məbuat Şuraları Assosiasiyası Az.TV-nin operatoru Sirac Abışovun və AzərTAc-ın müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.
Assosiaynın tərkibində Azərbaycan Mətbuat Şurası da təmsil olunur.
İyunun 7-də Mətbuat Şurasından bayraqdar.info-ya bu haqda məlumat verilib.
Bəyanatda bildirilir ki, 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı – Az.TV-nin operatoru Sirac Abışov və AzərTAc-ın müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olub.
“Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür.
“Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun və Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var”, – deyə bəyanatda vurğulanır.
Bəyanatda daha sonra bildirilir ki, Azərbayanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. S.Abışovun və M.İbrahimovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdi: “Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qaldırılması üçün ciddi həmrəylik nümayişinə ehtiyac oldugunu bildiririk”.
“Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni səbəbinə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin”, – sözlərilə bəyanat bitir.
Əalvə edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hazırda Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavinidir.