Son yeniləmə: 7 İyun 2021 12:17
Bayraqdar.info – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, korgeneral Selçuk Bayraktaroğlu ölkəmizdə səfərdədir. Eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri olan S.Bayrakdaroğlu səfər çərçivəsində “ASAN xidmət” mərkəzində olub. Türkiyəli general həmçinin “YAŞAT” Fondunun fəaliyyəti ilə tanış olub.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması, müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılmasıyla səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib.
Bildirilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
“ASAN xidmət”in 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Ü.Mehdiyev “YAŞAT” Fondunun yaradılması, məqsədləri və görülən işlər barədə də qonağı məlumatlandırıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.
Bundan əlavə “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlar arasında davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub.
Selçuk Bayraktaroğlu “ASAN xidmət” və “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirib və müvafiq istiqamətlər üzrə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.