Press "Enter" to skip to content

Təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbir

Bayraqdar.info – “Microsoft” Korporasiyasının formalaşdırdığı “Təhsilin rəqəmsal transformasiyası üzrə dünyanın lider ölkələri” koalisiyasının növbəti onlayn görüşü keçirilib. Görüşdə UNESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da iştirak edib.

Təhsil Nazirliyi bildirir ki, görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə birgə seminar keçirilib. Azərbaycan, Finlandiya və Avstraliyada COVID-19 pandemiyası dövründə təhsildə tətbiq edilən innovativ təcrübələrə dair təqdimatlar edilib. Görüşdə dinləyici qismində Braziliya, İspaniya və Macarıstan Təhsil nazirliklərinin nümayəndələri iştirak edib.

“Virtual məktəb” layihəsi və təhsilin rəqəmsal transformasiyası barədə Təhsil Sisteminin İnformasiyalaşdılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edib. Bildirib ki, başlıca məqsəd ölkədə təhsil alanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye əsaslı təhsil imkanlarının yaradılmasıdır.

Tədbirdə pandemiya dövründə qərarların qəbul edilməsində bilgidən istifadənin əhəmiyyətinin artdığı, qısa zamanda yeni sistemlərin yaradılaraq istifadəyə verildiyi qeyd edilib.

Bilgi əsaslı təhsil modelində şagird nəticələrinin təhlili üçün innovativ alətlər təqdim olunur ki, aparılan çevik və əhatəli təhlillər nəticəsində boşluqlar müəyyən edilsin.

Daha sonra təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və üç ölkədə təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən dəyərləndirilib.

Mission News Theme by Compete Themes.