Son yeniləmə: 7 İyun 2021 16:53
Bayraqdar.info – Qazaxıstan Məclisinin sədri Nurlan Niqmatullin Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
Bu haqda xəbəri bayraqdar.info-ya Orta Asiyadakı media tərəfdaşı Golden Bridge News verib.
Məclis sədri görüşdə bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır və Qazaxıstan rəhbərliyi Azərbaycanla dostluq və hərtərəfli işbirliyinə sadiqdir.
N.Niqmatullin qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə parlamentlərarası dialoq vacib rol oynayır. Bu dialoqun fərqli cəhəti odur ki, beynəlxalq platformalarda, o cümlədən ortaq türk qurumlarında qarşılıqlı konstruktiv dəstək mövcuddur.
Azərbaycan səfiri də öz növbəsində ölkələr arasındakı münasibətləri yüksək dəyərləndirib. O, qeyd edib ki, Azərbaycan qardaş Qazaxıstanla münasibətlərin inkişafına ciddi əhəmiyyət verir.
Səfir Qazaxıstanın ən böyük türk dövləti olduğunu qeyd edərək ölkənin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını ayrıca vurğulayıb.
O da xəbər verilir ki, görüşdə Qazaxıstan Məclisinin deputatı, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da iştirak edib.
Bu arada bəlli olub ki, səfir R.Məmmədov Qazaxıstanla Azərbaycan arasında işbirliyinin gücləndirilməsində xidmətlərinə görə, Qazaxıstan Prezidenti Qasım Comart Toqayevin fərmanı ilə “Dostık” (“Dostluq”) ordeni ilə təltif olunub. Bu xəbəri Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Qıdırali yayıb.