Press "Enter" to skip to content

“Müharibə əlili” statusu saxta çıxdı, həkimi döydü – VİDEO

Bayraqdar.info – Ölkəmizdə əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində isə Bərdədə insident yaşanıb. Əyani müayinə zamanı Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilib.

Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı müəyyənləşdirilib. Beş il əvvəl “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Bundan qəzəblənən Ş.Mustafayev müayinə zamanı gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edib. Ş.Mustafayev həkim-eksperti yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib.

Məlumatda deyilir ki, Ş.Mustafayevin müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib: “Ötən dövrdə saxta, “müharibə əlili” adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.