Press "Enter" to skip to content

İstanbul Fatehinin layiqli varisinin KKTC-yə su çəkdirməsi

Son yeniləmə: 7 İyun 2021 08:36

Erdoğan hakimiyyətin atdığı ən mühüm addımlardan biri kimi tarixə düşəcək bu layihənin reallaşması ilə KKTC-nin 50 illik su problemi həll edilib

Bayraqdar.info – Türkiyədən Kuzey Kıbrıs Türk Cümhuriyyətinə suyun verilməsi layihəsi adaya həyat verib. Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar ötən həftə Türkiyənin ticarət naziri Mehmet Muşu qəbul edərkən deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar layihə çərçivəsində nəql ediləcək suvarma suyunun Güzelyurt və Mesaryada kənd təsərrüfatında istifadə ediləcəyini bildirib. O, tezliklə Güzelyurt bölgəsində yeni əkinlərin başlayacağını qeyd edib.

E.Tatar Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana, həmçinin Türkiyə Cümhuriyyətinə KKTC-yə verilən dəstək və yardım üçün təşəkkür edib.

İlk baxışdan elə bir təəssürat yarana bilər ki, bu, Türkiyə ilə KKTC arasındakı iqtisadi əməkdaşlıqdan bəhs edən sıradan bir xəbərdir. Lakin məsələnin dərinliyinə varanda tamamilə başqa mənzərə ortaya çıxır.

Uzun illər arzulanan layihə

Söhbət uzun illər KKTC tərəfindən arzulanan və Ana Vətəndən xahiş edilən, lakin yalnız Erdoğan hakimiyyəti dövründə reallaşan layihədən gedir. O layihədən ki, reallaşması nəticəsində dünyada ilk dəfə tətbiq edilən asma boru kəmərlərindən istifadə edilib. O layihədən ki, Türkiyədə və dünyada onu hətta “Əsrin layihəsi” kimi dəyərləndirənlər də var.

Türkiyədən KKTC-ya içməli suyun gətirilməsi həmişə gündəmdə olub, lakin…

Layihənin yaranma tarixi barədə məlumat verməzdən öncə xatırladaq ki, ötən ay onun davamı olan suvarma-ötürmə tunelinin açılış mərasimi olub. Mərasimdə çıxış edən Recep Tayyip Erdoğan bildirib ki, uzun illərdir Kuzey Kıbrıs su qıtlığından əziyyət çəkirdi. Bu problemi həll etmək üçün Türkiyədən KKTC-yə içməli və suvarma suyunun nəql edilməsi gündəmə gəldi.

Recep Tayyip Erdoğan onu da əlavə edib ki, Türkiyədən KKTC-ya içməli suyun gətirilməsi həmişə gündəmdə olub. Ancaq bu vaxta qədər gerçəyə çevrilməmişdi.

Ümumiyyətlə isə KKTC-nin su problemini həll etmək məqsədilə həyata keçirilən layihənin rəsmi açılışı 2015-ci il oktyabrın 17-də reallaşıb. “Türkiye’den KKTC-ye Su Temini Projesi” kimi tanınan layihənin açılış mərasimində Recep Tayyip Erdoğan da iştirak edib.

Dünyada ilk dəfə tətbiq edilən 80 kilometrlik asma boru kəməri

Zəruri qeyd: Layihə çərçivəsində Mersinin Anamur rayonunda Toros dağlarının ətəklərindən tökülən Dragon çayı üzərində qurulan Alaköprü Su Anbarı qurulub. 2011-ci il martın 7-də bu su anbarının təməli qoyulub və layihənin icrası istiqamətində ilk addım atılıb. 17 oktyabr 2015-ci ildə Türkiyədə, 28 oktyabrda isə KKTC-də layihənin rəsmi açılışı olub.

Beləliklə, su Alaköprüdən dünyada ilk dəfə tətbiq edilən 80 kilometrlik asma boru kəməri vasitəsilə Girnedəki Geçitköy su anbarına ötürülüb. Bununla da KKTC-nin 50 illik su problemi həll edilib.

2020-ci ildə kəmərdə kiçik problem yaransa da, tezliklə bu, aradan qalxıb. İstifadəyə verildiyi vaxtdan 2020-ci ilin əvvəlinə kimi kəmər vasitəsilə KKTC-yə 236 milyon 457 min kub metr su ötürülüb.

KKTC-nin müstəqilliyinin möhkəmlənməsi istiqamətində atılan tarixi addımlardan biri

Bu layihə vasitəsilə KKTC-yə 50 il ərzində ildə 75 milyon m³ olmaqla içmə və suvarma suyu nəql ediləcək. Sonda vurğulmaq yerinə düşər ki, bu layihə Erdoğan hakimiyyətin atdığı ən mühüm addımlardan biri kimi tarixə düşəcək. Çünki qeyd edildiyi kimi cənab Erdoğana qədər bu layihə uzun illər gündəmdə olub. Lakin böyük maliyyə tələb edən layihənin reallaşdırılması üçün qətiyyətli addım məhz AKP hakimiyyəti zamanı atılıb.

Bununla da KKTC-nin xarici güclərdən daha bir asılılığına son qoyulub. Buna görə də layihə həm də KKTC-nin müstəqilliyinin möhkəmlənməsi istiqamətində atılan tarixi addımlardan biri kimi dəyərləndirilir.

Çünki bu layihə vasitəsilə su nəql edilənə qədər Kuzey Kıbrıs əhalisi yeraltı qaynaqlardakı sudan istifadə edirdi. Həmin suya dəniz suyu da qarışdığı üçün isə əhali uzun illər əziyyət çəkirdi.

Yeri gəlmişkən, R.T.Erdoğanın bu qədər uzun məsafədə dənizin içindən boru döşəyərək adaya su çatdırması təəccüblü deyil. Heş olmaması lazımdır. Nə də olmasa R.T.Erdoğan bir zamanlar gəmiləri dağlardan aşıraraq Konstantinopolu İstanbul etmiş əcdadın varisi deyilmi? Belə bir varisin dənizə boru döşəyərək qardaşa su çatdırması qədər təbii heç bir hal ola bilməz.

Mission News Theme by Compete Themes.